Sosial media nəhənglərinə “asılılıq” iddiası: Instagram və YouTube məhkəmədə

ABŞ-ın Kaliforniya ştatında Meta (Instagram) və YouTube uşaqları bilərəkdən asılılığa salan mexanizmlər yaratmaqda ittiham olunur. Los-Anceles Ali Məhkəməsində baxılan işdə sosial medianın gənclərin psixoloji sağlamlığına təsiri araşdırılır.

Referans Media xəbər verir ki, iddiaçı K.G.M. (Kaley G.M.), uşaqlıqda sosial media asılılığı səbəbindən ciddi psixoloji problemlər yaşadığını bildirir. Onun vəkili Mark Lanier iddia edir ki, platformalar “sonsuz sürüşdürmə”, avtomatik video oynatma və bəyənmə düymələri ilə uşaqları qəsdən ekrana bağlayıb.

Məhkəməyə təqdim olunan sənədlər arasında Mark Zukerberqin 2015-ci ildə platformada qalma müddətinin 12% artırılmasını tələb etdiyi e-poçt da var. İddiaçı tərəf bu sistemi qumar aparatları və tütün sənayesinin üsulları ilə müqayisə edir.

Şirkətlərin mövqeyi: Meta və YouTube məsuliyyəti rədd edir, problemin sosial mediadan yox, iddiaçının ailə mühitindən qaynaqlandığını bildirir. Platformaların yalnız “vasitə” olduğunu vurğulayırlar.

Sektor üçün presedent ola bilər

Təxminən 6 həftə davam edəcək məhkəmə ABŞ-da oxşar minlərlə iş üçün presedent yarada bilər. Prosesdə Mark Zukerberq və YouTube rəhbərliyi ifadə verə bilər. Snapchat və TikTok isə artıq gizli razılaşma ilə işdən çəkilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki