Təhsil sahəsində “fenomen müəllimlər” ətrafında yaranan müzakirələr yeni qalmaqalla daha da böyüyüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi müəllimlərin ibtidai sinif şagirdlərinə məşhur Hababam Sınıfı filmindən “Ben avratların yanına oturmam” replikasını dublyaj etdirərək video çəkdirməsi ictimai narazılığa səbəb olub.
Referans Media xəbər verir ki, qısa müddətdə geniş yayılan bu görüntülər sosial mediada ciddi müzakirələr doğurub. İzləyicilər məsələ ilə bağlı Türkiyənin milli təhsil naziri Yusuf Tekini etiketləyərək “Zəruri tədbiri görün” çağırışları ediblər.
Nazirlik araşdırmaya başlayıb
Artan şikayətlərdən sonra Türkiyənin MilliTəhsil Nazirliyi fenomen müəllimlərlə bağlı araşdırmaya başladığını açıqlayıb. Nazirlik 81 vilayətin təhsil idarələrindən müəllimlərin sosial media hesabları barədə məlumat tələb edib.
Nazir daha əvvəl də xəbərdarlıq etmişdi
Təhsil naziri Yusuf Tekin daha əvvəlki açıqlamalarında bəzi müəllimlərin sosial mediada fenomen kimi fəaliyyət göstərərək pullu dərslər keçdiyini, lakin məktəblərdə təşkil olunmalı olan dəstək və hazırlıq kurslarını açmadığını bildirib.
Nazir qeyd edib ki, hansı məktəblərdə bu kursların keçirilib-keçirilmədiyi yoxlanılır və qanunsuzluq aşkar edilərsə, müvafiq tədbirlər görüləcək. Son qalmaqal isə müəllimlərin sosial media fəaliyyəti və təhsil mühitində etik davranış məsələlərini yenidən gündəmə gətirib.
