Azərbaycan və Ermənistan liderləri arasında iyulun 10-da Əbu-Dabidə baş tutan görüş sülh prosesi üçün dönüş nöqtəsi olub.
Referans-ın xəbərinə görə, bu barədə “kommersant” məlumata yayıb.
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan mart ayında razılaşdırılmış, lakin hələ imzalanmamış sülh müqaviləsini müzakirə ediblər.
Nəşrin diplomatik mənbələrə istinadən verdiyi məlumata əsasən, danışıqların konkret nəticələri olmasa da, dialoq müsbət ruhda keçib və davam etdiriləcək. Tərəflərin məqsədi sülh sazişini 2025-cü ilin sonunadək imzalamaqdır.
“Sülh prosesi ölü nöqtədən çıxıb və real nəticələr üçün şərait yaranıb”, – mənbə bildirib.
“Kommersant” qeyd edir ki, bu görüşün BƏƏ-də keçirilməsi tərəfsiz vasitəçilik və neytral mühitin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırkı mərhələdə əsas məqsəd sazişin mətnindəki qalan detalları razılaşdırmaq və hüquqi əsaslarla sənədi imzalamağa hazır olmaqdır.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı da Əbu-Dabidə keçirilən görüşü təqdir etmiş və hər iki ölkəni danışıqları sürətləndirməyə çağırmışdı. Regional müşahidəçilər hesab edirlər ki, cari dinamika qorunarsa, Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün real imkan yaranacaq.