Suriya Prezidenti Əhməd əş-Şara, ABŞ və İsrailin İran üzərinə yönələn hücumları fonunda dünya ictimaiyyətinə çağırış edib. Şara, İranla bağlı məsələlərdə hərbi yollara əl atmaq əvəzinə diplomatiya və müzakirənin üstün tutulmasının vacib olduğunu vurğulayıb.
Referans Media xəbər verir ki, Londondakı “Chatham House” düşüncə mərkəzində keçirilən sessiyada danışan Şara, İranın keçmişdə Suriya ərazisinə müdaxilələrinin milyonlarla insanın yerindən edilməsinə və yüz minlərlə insanın ölümünə səbəb olduğunu qeyd edib: “Bizim problemimiz İranla deyil, onun Suriyadakı mövcudluğu ilə bağlı idi.” – deyə o bildirib.
Şara həmçinin Suriya üçün gələcək planlardan danışaraq 5 illik keçid müddəti boyunca müstəqil seçkilərin keçirilməsi niyyətində olduqlarını açıqlayıb. “Biz milli dialoq konfransı təşkil etdik, bu müddət ərzində Xalq Məclisi seçkiləri başlayacaq və beş ilin sonunda qanunlar nəzərdən keçirilərək tam azad seçkilər həyata keçiriləcək”, – deyə Şara bildirib.
Suriya lideri həmçinin İranla bağlı məsələlərdə müharibəyə yol verilməməli olduğunu, ölkənin yenidən qurulmasına və qaçqınların dönüşünə fokuslanmalı olduğunu vurğulayıb. Diplomatiyanın tükənmədiyi müddətdə hərbi seçimlərdən çəkinilməsinin vacib olduğunu bildirən Şara, regionun enerji tədarükü və qlobal iqtisadiyyata təsirlərini də nəzərə aldıqlarını qeyd edib.
Şara, İsrail və İranın Suriya ərazisindəki hərəkətlərinə də toxunaraq, dövlətin əsas məqsədinin sərhədləri qorumaq və qaçaqmalçılığı önləmək olduğunu açıqlayıb. Həmçinin, Suriya xalqının Qəzza ilə həmrəylik içində olduğunu, lakin eyni zamanda ölkənin yenidən qurulmasına diqqət yetirilməli olduğunu əlavə edib.
Ümumilikdə Şara mesaj verib ki, Suriya hərbi yola girmədən, diplomatiya və müzakirələr yolu ilə sabitliyi təmin etmək istəyir və regionda yaranan gərginliklərə qarşı hazırlıqlı olmağa çalışır.






















