Sürücülərin NƏZƏRİNƏ! Yollarda yeni təhlükə yayıldı: Pul tələb edirlər...

Son günlər sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi şəxslərin qəsdən avtomobilin qarşısına atılaraq sürücünü günahlandırmağa və ondan pul tələb etməyə çalışdığı iddia olunur. Bəs belə hal baş verərsə və bunun qəsdən törədildiyi sübuta yetirilərsə, həmin şəxsləri hansı hüquqi məsuliyyət gözləyir? Sürücü öz hüquqlarını necə qoruya bilər?

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən hüquqşünas Ümid Hüseynov bildirib ki, araşdırma nəticəsində şəxsin qəsdən avtomobilin qarşısına atılmaqla sürücünü aldatmaq və ondan pul və ya başqa əmlak xarakterli fayda əldə etmək məqsədilə hərəkət etdiyi müəyyən olunarsa, həmin əmələ hüquqi qiymət konkret hadisənin faktiki halları, əldə edilmiş sübutlar, eləcə də tələb olunan və ya əldə edilən pul vəsaitinin məbləği nəzərə alınmaqla verilməlidir.

Hüquqşünasın sözlərinə görə, şəxsin qəsdən avtomobilin qarşısına atılaraq sürücünü yol-nəqliyyat hadisəsinin baş verdiyinə inandırmağa və bu yolla ondan pul əldə etməyə çalışması, tələb olunan və ya əldə edilən məbləğ 500 manatadək olduqda İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama, 500 manatdan artıq olduqda isə Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin tərkibini yarada bilər.

Ümid Hüseynov qeyd edib ki, sürücü qanunvericiliklə müəyyən edilmiş qaydada həmin şəxs barəsində məhkəməyə müraciət edə bilər. Əgər qanunsuz hərəkətlər nəticəsində sürücüyə maddi zərər dəyibsə, məsələn, avtomobilə ziyan vurulub və ya əlavə xərclər yaranıbsa, o, mülki iddia qaydasında dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir.

Hüquqşünas vurğulayıb ki, sosial şəbəkələrdə yayılan hər bir videoya əsasən hadisənin əvvəlcədən təşkil olunmuş dələduzluq və ya hədə-qorxu ilə tələb etmə olduğunu düşünmək hüquqi baxımdan düzgün deyil. Onun sözlərinə görə, bəzi hallarda yol hərəkəti iştirakçılarının ehtiyatsız davranışı da oxşar təəssürat yarada bilər. Bu səbəbdən hüquqi məsuliyyət yalnız hadisənin bütün halları hərtərəfli araşdırıldıqdan, şəxsin niyyəti və təqsiri obyektiv sübutlarla təsdiqləndikdən sonra müəyyən edilə bilər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki