Alimlər beyin sürətində işləyən yeni çip hazırlayıblar

Çinin Pekin Universiteti və Çin Elmlər Akademiyası alimləri insan beyninin mürəkkəb quruluşunu 10 millisaniyədən az müddətdə yüksək dəqiqliklə modelləşdirə bilən yeni memristor çipi hazırlayıblar. Araşdırmanın nəticələri Science jurnalında dərc olunub.

Yeni çip hesablamaları birbaşa məlumatların saxlanıldığı yaddaşda həyata keçirdiyi üçün prosessor və yaddaş arasında məlumat ötürülməsinə ehtiyac qalmır. Bu da həm emal sürətini əhəmiyyətli dərəcədə artırır, həm də enerji sərfiyyatını azaldır.

Sınaqlar zamanı çip ənənəvi sistemlərlə müqayisədə 3,8–36 dəfə daha sürətli, 11,7–24,7 dəfə daha az enerji sərf edən nəticə göstərib. Beyin qabığının 3D rekonstruksiyasında isə NVIDIA A100 qrafik prosessorundan 478 dəfəyədək daha sürətli işlədiyi bildirilib.

Alimlər hesab edirlər ki, bu texnologiya gələcəkdə beyin-kompüter interfeysləri, rəqəmsal beyin modelləri, əməliyyat zamanı real vaxt naviqasiya sistemləri, eləcə də Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklərin araşdırılmasında mühüm rol oynaya bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki