Apple məhsullarını daha əlçatan etmək məqsədilə Klarna ilə əməkdaşlıq çərçivəsində yeni icarə proqramına start verib. İlk mərhələdə ABŞ-də istifadəyə verilən sistemlə istifadəçilər iPhone, Mac, iPad və Apple Watch cihazlarını satın almaq əvəzinə müəyyən müddətə icarəyə götürə biləcəklər.
Yeni proqram çərçivəsində iPhone və Apple Watch modelləri 12 və ya 24 ay, Mac və iPad modelləri isə 24 və ya 36 ay müddətinə icarəyə təqdim olunacaq.
İcarə proqramına iPhone 17 seriyası, Apple Watch Series 11, Apple Watch Ultra 3, MacBook Air, MacBook Pro, iMac, Mac Studio, iPad Air, iPad Pro və iPad Mini daxildir. Daha münasib qiymətli iPhone 16, MacBook Neo, standart iPad və Apple Watch SE modelləri isə bu proqramdan kənarda saxlanılıb.
Yeni model əvvəlki iPhone Yüksəltmə Proqramını əvəz edir və istifadəçilərə aylıq ödənişlərlə daha rahat şəkildə yeni cihazlardan istifadə imkanı yaratmağı hədəfləyir. Mütəxəssislər hesab edirlər ki, texnologiya məhsullarının bahalaşması fonunda gələcəkdə istehlakçılar cihaz almaqdansa, onları abunə və ya icarə modeli ilə istifadə etməyə daha çox üstünlük verə bilərlər.
