Azərbaycanda məktəblərlə bağlı TƏCİLİ QƏRAR VERİLDİ: Sentyabrdan etibarən...

Ümumtəhsil məktəblərinin fiber-optik internet şəbəkəsinə qoşulması və daxili şəbəkə infrastrukturunun qurulması istiqamətində layihəyə start verilib. Layihənin əsas məqsədi məktəblərdə rəqəmsal təhsil imkanlarını genişləndirmək, yüksəksürətli internetə çıxışı təmin etmək və distant təhsilin inkişafını dəstəkləməkdir. Bəs bu addım tədrisin keyfiyyətinə hansı töhfələri verəcək və məktəblər yeni texnologiyalardan səmərəli istifadə etməyə hazırdırmı?

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ümumilikdə ölkə üzrə məktəblərin fiber-optik internet şəbəkəsinə qoşulması istiqamətində həm paytaxtda, həm də bölgələrdə müvafiq addımlar atılır.

Ekspertin sözlərinə görə, bu proses şəbəkə infrastrukturunun daha da inkişaf etməsinə və rəqəmsal təhsil imkanlarının genişlənməsinə mühüm töhfə verə bilər.

"Əgər fiber-optik internet imkanları bütün məktəblər arasında bərabər şəkildə təmin olunarsa, bölgələrdə yaşayan şagirdlər də distant və onlayn təhsildən daha səmərəli faydalana biləcəklər", – deyə o qeyd edib.

Elçin Əfəndi bildirib ki, hazırda ənənəvi təhsillə yanaşı distant təhsil məsələsi də gündəmdədir. Xüsusilə şagird sayı az olan məktəblərdə distant təhsil imkanlarının yaradılması vacib istiqamətlərdən biri hesab olunur.

Onun sözlərinə görə, məktəblərin bu texnologiyalardan səmərəli istifadə etməsi üçün həm texniki imkanların, həm də kadr potensialının gücləndirilməsi istiqamətində işlər görülür.

Ekspert vurğulayıb ki, rəqəmsal bacarıqlar, süni intellekt və informasiya texnologiyaları sahəsində peşəkar mütəxəssislərə ehtiyac var. Bu sahədə ixtisaslı kadrların təhsil sistemində fəaliyyət göstərməsi həm müəllimlərin, həm də şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına mühüm töhfə verə bilər.

Elçin Əfəndinin fikrincə, qarşıdakı dövrdə həm ənənəvi, həm də distant təhsil istiqamətində optimallaşdırma və daha səmərəli yanaşmalar tətbiq olunacaq.

O qeyd edib ki, bəzi şagird sayı az olan məktəblər bağlanaraq şagirdlər daha böyük məktəblərə yönləndirilir. Belə imkan olmadıqda isə rəqəmsal platformalardan istifadə edilməklə onların onlayn təhsilə qoşulması təmin edilir.

Ekspert sonda bildirib ki, bu istiqamətdə işlər davam etdirilir və mövcud problemlərin aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyi tərəfindən qarşıdakı dövrdə əlavə addımların atılması gözlənilir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki