Tarixi irsə zərbə: Roma dövrünün yadigarı dağıdıldı

Kayserinin Dəvəli rayonunda, Erciyes Dağı ətəklərində yerləşən Kızık məhəlləsi 1989-cu ildə sürüşmə riski səbəbilə köhnə yaşayış yerindən 2 kilometr aralıdakı düzənliyə köçürülmüşdü.

Referans Media xəbər verir ki, 37 il sonra köhnə əraziyə baş çəkən sakinlər ağır mənzərə ilə üzləşiblər. Roma dövründə inşa edildiyi bildirilən tarixi su hovuzu xəzinə ovçuları tərəfindən talan edilib.

Minillik tarixi olan hovuz zərər gördü

Məlumata görə, Erciyes dağından gələn qar və yağış suları ilə dolan hovuz uzun illər kənd sakinləri tərəfindən heyvanların suvarılması və təsərrüfat məqsədləri üçün istifadə olunub. Lakin yaşayış məntəqəsi köçürüldükdən sonra ərazi nəzarətsiz qalıb və nəticədə hovuzun divarları dağıdılıb, su daşları zədələnib və ərazidə qanunsuz qazıntılar aparılıb.

“Bura bizim üçün çox qiymətlidir”

Keçmiş kənd nümayəndəsi Ramazan Şengül bildirib ki, hovuzun tarixi çox qədimdir və kənd üçün böyük əhəmiyyət daşıyır:

“Bu hovuz min illik tarixə malikdir. Erciyesdən gələn su ilə dolardı. Kəndimizdə su olmadığı üçün heyvanlarımızı və bağlarımızı buradan suvarardıq.”

Sakinlər tarixi abidənin bərpa olunaraq turizmə qazandırılmasını və ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edirlər.

Başqa Roma abidəsi yoxdur

Məhəllə sakini Ramazan Çelik qeyd edib ki, kənd ərazisində Roma dövrünə aid başqa tikiliyə rast gəlinməyib. Təxminən 7–8 metr dərinliyi, 20–25 metr eni olan hovuz kəndin yeganə tarixi irs nümunəsidir.

Kənd sakinləri hesab edir ki, hovuz təmizlənib bərpa edilsə, həm turizm baxımından əhəmiyyətli ola bilər, həm də yay aylarında su çatışmazlığının aradan qaldırılmasına töhfə verər.

Tarixi irsin talan edilməsi isə bölgədə ciddi narazılıq doğurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki