İlisu Milli Parkına giriş artıq ödənişli olacaq. Parkın ərazisində yerləşən, hündürlüyü 76 metrdən çox olan Ramramay şəlaləsini ziyarət etmək istəyənlər də bilet almalı olacaqlar.
Referans Media xəbər verir ki, ziyarətçilərin bir qismi girişin pullu olmasını müsbət qarşılamasa da, bəziləri ödənişin məbləğinin yüksək olmadığını və xidmətlərin inkişafına sərf olunmasının məqsədəuyğun olduğunu düşünür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib ki, Ramramay şəlaləsi İlisu Milli Parkının turizm və rekreasiya zonasına daxildir və milli parklara giriş bilet satışı sistemi ilə tənzimlənir.
Qərara əsasən, milli parklara giriş haqqı bir ziyarətçi üçün 2 manatdır. Avtonəqliyyat vasitələrinin dayanacaqla təmin edilməsinə görə isə bir saat üçün 50 qəpik, gün ərzində 5 manat ödəniş müəyyənləşdirilib.
Qurumun məlumatına görə, ödənişlər xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunmasına, biomüxtəlifliyin mühafizəsinə, ekoturizm infrastrukturunun inkişafına və turizm marşrutlarının saxlanılmasına yönəldiləcək.
Daha ətraflı videoda:
