İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail və ABŞ-ın İranla qarşıdurması hələ başa çatmayıb və istənilən an yeni hadisələr baş verə bilər. O, bu açıqlamanı Qüdsdə Argentinanın prezidenti Xavyer Miley ilə birgə çıxışı zamanı verib. Miley İsrailə rəsmi səfər çərçivəsində gəlib.
Referans Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Netanyahu İranla qarşıdurmanı “ciddi çağırışlar və nəticələr dövrü” kimi xarakterizə edib. Onun sözlərinə görə, İsrail bu istiqamətdə mühüm uğurlar əldə etsə də, proses hələ yekunlaşmayıb.
Baş nazir həmçinin qeyd edib ki, Mileyin prezidentliyi dövründə bu, onun İsrailə üçüncü səfəridir və hər səfərdən sonra diqqətçəkən hadisələr baş verib.
“Xavyer Mileyin belə bir xüsusiyyəti var. O, İsrailə böyük bir hadisədən dərhal əvvəl gəlir. Sabahın nə gətirəcəyini heç kim bilmir”, – deyə Netanyahu vurğulayıb.
O, əlavə edib ki, İsrail mənəvi gücü və ABŞ ilə tərəfdaşlığı sayəsində qarşıya qoyduğu məqsədlərə çatacaq və “azad xalqlara daha çox işıq və ümid” gətirəcək.























