İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani İsrailə qarşı regional sabitliyin təmin olunması məqsədilə Türkiyə, Səudiyyə Ərəbistanı və Misirlə əməkdaşlığa hazır olduqlarını bəyan edib.
Referans Media xəbər verir ki, Laricani “Al Jazeera” kanalına müsahibəsində bildirib ki, İran danışıqlar prosesinə açıqdır və bölgə ölkələri də bu prosesin uğurla nəticələnməsi üçün səy göstərir.
O, Tehranın mövqeyini ABŞ-yə çatdırmaq üçün Bədr bin Həməd əl-Busaidiyə təqdim edilən məktuba hələlik rəsmi cavab verilmədiyini deyib. Laricani qeyd edib ki, ABŞ danışıqlarda öz maraqlarını İsrailin maraqlarından ayrı dəyərləndirə bilər.
Laricani ABŞ-nin əsas məqsədinin İranın nüvə silahına malik olmamasını təmin etmək olduğunu vurğulayıb və bildirib ki, bu məsələ İranın da etiraz etmədiyi ortaq nöqtədir.
Bununla belə, o, raket proqramının ölkənin milli təhlükəsizliyi ilə bağlı olduğunu və danışıqlarda bu mövzunun müzakirə edilməyəcəyini bildirib:
“Nüvə məsələsindən kənar hər hansı mövzu prosesi poza bilər.”
Zənginləşdirilmiş uranla bağlı isə Laricani texnologiyaya sahib bir ölkəyə “sıfır zənginləşdirmə” şərti qoyulmasının mümkün olmadığını deyib və 20 faiz zənginləşdirilmiş uranın səhiyyə məqsədləri üçün lazım olduğunu qeyd edib.
Mümkün hərbi ssenarilərə də toxunan Laricani İranın müharibə istəmədiyini, lakin hər hansı hücuma cavab verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, İsrail danışıqları pozmağa çalışır və bölgədə gərginliyi artıran əsas tərəfdir. O əlavə edib ki, İsrailin son hücumları ölkə daxilində daha böyük birlik yaradıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
İranla ABŞ arasında nüvə danışıqları 2025-ci ilin iyununda İsrail və ABŞ-nin İrana hücumlarından sonra dayandırılmışdı. Görüşlər fevralın 6-da Omanda yenidən bərpa olunub.
İsmayıl Bəqayi bildirib ki, Maskatda keçirilən danışıqlar tərəflərin prosesi davam etdirmək barədə razılığa gəlməsi ilə yekunlaşıb. Danışıqlar Vaşinqton və Tehran arasında gərginliyin yenidən artdığı, ABŞ-nin bölgədə hərbi mövcudluğunu gücləndirdiyi bir dövrdə baş tutub.























