image-iranda-israile-casuslukla-suclanan-kisi-idam-edildi-wwqrbackend

Tehrandan Vaşinqtona xəbərdarlıq: İyunda etdiyiniz səhvi təkrarlamayın

İranın xarici işlər naziri Abbas Arakçi ABŞ-ı İrana qarşı hərbi addımlardan çəkinməyə çağıraraq, diplomatiyanın müharibədən daha üstün yol olduğunu bəyan edib.

Referans Media xəbər verir ki, Arakçi bu fikirləri ABŞ-ın “Fox News” telekanalına müsahibəsində səsləndirib. O, ABŞ-ın iyun ayında İranın nüvə obyektlərinə endirdiyi zərbələri xatırladaraq, Vaşinqtonu həmin səhvi yenidən təkrarlamamaq barədə xəbərdar edib. Nazir bildirib ki, hərbi təzyiqlər İranı öz hədəflərindən çəkindirə bilməz: “Nüvə obyektlərini bombalamaq olar, amma texnologiyanı və siyasi iradəni bombalamaq mümkün deyil.”

İrandakı son etiraz aksiyalarına da toxunan Arakçi, baş verən zorakılıq hallarının xaricdən yönləndirilmiş terrorçu qruplar tərəfindən törədildiyini iddia edib. Onun sözlərinə görə, İsrailin təhriki ilə fəaliyyət göstərən silahlı qruplar üç gün ərzində təhlükəsizlik qüvvələrinə və dinc əhaliyə hücumlar həyata keçirib.

Nazir qeyd edib ki, hazırda ölkədə vəziyyət nəzarət altındadır və sabitlik bərpa olunub. O, İranın bu hadisələri ABŞ və İsrail tərəfindən əvvəlcədən başladılmış gərginliyin davamı kimi qiymətləndirdiyini vurğulayıb.

Ölü sayıları ilə bağlı yayılan məlumatları “dezinformasiya” adlandıran Arakçi, faktiki itkilərin bir neçə yüz nəfərlə məhdudlaşdığını bildirib. O, həmçinin etirazçılara qarşı hər hansı edam qərarının olmadığını və belə bir planın gündəmdə yer almadığını açıqlayıb.

ABŞ Prezidenti Donald Trampa birbaşa mesaj ünvanlayan Abbas Arakçi deyib: “Əgər seçim müharibə ilə diplomatiya arasındadırsa, diplomatiya hər zaman daha yaxşı seçimdir. ABŞ-la bu sahədə müsbət təcrübəmiz olmasa da, müharibə fəlakətə aparan yoldur.”

İran XİN rəhbəri əlavə edib ki, Tehran danışıqlara və diplomatik həll yollarına açıqdır, lakin xarici təzyiq və hərbi təhdidlərin artması regionda daha ciddi böhranlara yol aça bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki