Tək analara iş saatı GÜZƏŞTİ verilə bilər – Deputatdan AÇIQLAMA

Tək ailə başçısı olan, həyat yoldaşını itirmiş qadınların sosial vəziyyəti və gündəlik çətinlikləri ilə bağlı Musavat.com-a müraciətlər daxil olub. “Övladlarımın 3 yaşı olanda həyat yoldaşımı itirmişəm. Uşaqlarımı çox əziyyətlə böyüdürəm, işdə oluram, anam da şəkər xəstəsidir, onlara vaxt ayıra bilmirəm. Xahiş edirəm, bizə iş saatı ilə bağlı güzəşt edilsin”.

  Bunu Aynur Əliyeva adlı paytaxt sakini redaksiyamıza ünvanlandığı məktubda yazıb. Digər müraciətdə də qeyd edilir ki, əksər hallarda seçimdən deyil, məcburiyyətdən çalışırlar. Həm ailənin maddi yükünü daşıyır, həm də övladlarını təkbaşına böyütməyə çalışırlar. Lakin standart 8 saatlıq iş rejimi onlar üçün ciddi çətinliklər yaradır. Azyaşlı uşaqlara kifayət qədər vaxt ayıra bilməmək, onları məktəbə tək göndərmək məcburiyyəti, uşaqların günün böyük hissəsini evdə nəzarətsiz keçirməsi analar üçün həm psixoloji, həm də praktiki baxımdan ağır yükə çevrilir.

Burada tək ailə başçısı olan qadınlar üçün iş saatlarında müəyyən güzəştlərin tətbiqinin zəruriliyi ortaya çıxır.  Misal üçün, çevik iş qrafiki, qısaldılmış iş saatı və ya xüsusi əmək güzəştləri kimi mexanizmlər onların həm işləməsinə, həm də övladlarına daha yaxşı qayğı göstərməsinə dəstək ola bilər.

Bəs bu istiqamətdə Milli Məclisdə və ya aidiyyəti qurumlarda hər hansı müzakirə və ya qanunvericilik təşəbbüsü nəzərdə tutulurmu? Tək ailə başçısı olan qadınlara iş rejimi ilə bağlı güzəştlərin tətbiqi məsələsinə baxılması mümkündürmü?

Məsələ ilə bağlı iqtisadçı millət vəkili Vüqar Bayramov Musavat.com-a fikrini bölüşüb: “Ümumiyyətlə, sosial baxımdan güzəştlər müəyyənləşdirilən zaman keyfiyyət meyarlarının nəzərə alınmasını təklif edirik. Nəticə etibarilə, bu meyarların əsas götürülməsi həm tək qadınlar üçün güzəştlərin dairəsinin genişlənməsinə, həm də onların daha yaxından dəstəklənməsi siyasətinin gücləndirilməsinə imkan yaradır.

Eyni zamanda iş rejimi məsələsi də nəzərə alınmalıdır. Burada həm dövlət, həm də özəl sektor mövcuddur. Özəl sektor üçün güzəştlərin tətbiqi və ya daha qısaldılmış iş rejiminin tətbiqi tövsiyə olunur”.

Deputat əlavə edib ki, dövlət sektorunda isə xüsusilə tək qadınlar, himayəsində azyaşlı uşağı olan qadınlar və övladını tək böyüdən analarla bağlı güzəştlərin müəyyənləşdirilməsi məsələsinə baxıla bilər: “Burada əsas məqsəd həmin vətəndaşların sosial təminatının genişləndirilməsi və sosial rifahının daha da artırılmasının reallaşdırılmasıdır. Bu kontekstdə güzəştlərin tətbiqi məsələsinə baxıla bilər və hesab edirəm ki, bu istiqamətdə atılan bütün addımlar keyfiyyət meyarlarına əsaslanmalıdır. Əvvəldə qeyd etdiyimiz kimi, xüsusilə tək qadınlar, azyaşlı uşağı olan qadınlar və övladını tək böyüdən analar üçün güzəştlərin müəyyənləşdirilməsi məqsədəuyğun olar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki