Təyyarələr, banklar, rabitə sistemləri... ABŞ-da NƏ BAŞ VERİR?

ABŞ-da son günlər aviasiya, bank sektoru, rabitə platformaları və dövlət qurumlarının kommunikasiya sistemlərində baş verən texniki nasazlıqlar diqqət çəkir. Hadisələrin qısa müddət ərzində ardıcıl yaşanması onların təsadüfi texniki problemlər, kibertəhlükəsizlik təhdidləri və ya mümkün müdaxilələrlə əlaqəli olması barədə müzakirələrə səbəb olub.

Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, son dövrlərdə rəqəmsal müstəvidə müxtəlif sahələrdə belə halların baş verməsi dünya ölkələrində tez-tez rast gəlinən hadisələrə çevrilir.

Onun sözlərinə görə, bundan əvvəl Avropa ölkələrində, xüsusilə Fransada, Almaniyada və digər dövlətlərdə də oxşar hadisələrin şahidi olunub. Politoloq qeyd edib ki, Avropa ölkələri, xüsusilə Fransa rəqəmsal platformalar və layihələrdə yaranan problemləri daha çox İranın təxribatları kimi qiymətləndirib və bu hadisələrə görə İranı məsul hesab edib.

A.Quliyev hesab edir ki, oxşar hadisələrin son vaxtlar ABŞ-da da baş verməsi düşündürücüdür. Onun fikrincə, bu texnoloji hadisələrə birmənalı yanaşmaq çətindir və ən azı iki ehtimal nəzərdən keçirilməlidir:

“Birincisi, texniki səbəblərdən yaranan təbii risklər istisna olunmamalıdır. Digər tərəfdən, bu dövlətlərdə süni intellekt texnologiyalarının həddindən artıq sürətlə inkişaf etməsi bəzi texniki mənşəli nasazlıqların yaranmasına səbəb olur.

Bir müddət əvvəl Avstraliyada Müdafiə Nazirliyinin informasiya bazasına süni intellekt texnologiyaları vasitəsilə müdaxilə olunduğu, hətta informasiya bazasına yeni saxta məlumatların əlavə edildiyi barədə xəbərlər yayıldı. Buna görə süni intellekt şirkətləri Avstraliya hökumətindən üzr istədilər.

Bu baxımdan, Amerikada baş verən hadisələrə, ilk növbədə, texniki səbəblərdən yaranmış fövqəladə hallar kimi baxmaq olar. İkinci tərəfdən isə kibermüdaxilə ehtimalını da istisna etmək olmaz.

Kiberhücumların hansı mənbələrdən qaynaqlandığı dəqiq bəlli deyil və bunu söyləmək çətindir. Hazırda heç bir ölkə kiberhücumlardan tam sığortalanmayıb. ABŞ da istisna deyil.

Beləliklə, birinci ehtimal texniki səbəblərdən baş verən təbii nasazlıqlardır. İkinci ehtimal kənardan həyata keçirilən kiberhücumlardır. Çox zəif də olsa, üçüncü bir ehtimalı da qeyd etməliyəm: bu hadisələr milli hökumətlərin, o cümlədən ABŞ hökumətinin öz daxilində müəyyən siyasi kurs dəyişikliklərinə hesablanmış addımlar da ola bilər.

Daha dəqiq desək, bu cür nasazlıqların qəsdən törədilməsi və onların əsasında daxili siyasətin yenidən formalaşdırılması məqsədi güdülə bilər. Ona görə də Amerikada baş verən son texnoloji fəsadlara birmənalı qiymət vermək çətindir”.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki