Hollandiyanın Zwolle şəhərində keçirilən nikah mərasimi evləndirmə məmurunun çıxışı süni intellektin köməyi ilə hazırlaması səbəbindən etibarsız hesab edilib.
Referans Media xəbər verir ki, Zwolle Məhkəməsinin yanvarın 6-da açıqladığı qərarda bildirilir ki, 19 aprel 2025-ci ildə baş tutan toy mərasimində bir günlük vəzifə ilə təyin olunan evləndirmə məmuru nikah zamanı etdiyi çıxışı süni intellekt vasitəsilə hazırlayıb.
Qərarda qeyd olunur ki, cütlüyün tanışı olan və nikahı rəsmiləşdirmək üçün dəvət edilən məmur, mərasimin daha səmimi keçməsi məqsədilə cütlüyün xahişi əsasında bu addımı atıb. Lakin məhkəmə mərasim zamanı səsləndirilən bəyanatların qanunvericilikdə nəzərdə tutulan məcburi hüquqi tələblərə cavab vermədiyi qənaətinə gəlib.
Məhkəmə sənədində həmçinin vurğulanır ki, mərasimdə Zwolle Bələdiyyəsinin rəsmi evləndirmə məmuru da iştirak edib, lakin prosesə hər hansı müdaxilə etməyib.
Qeyd edək ki, cütlük avqustun 20-də məhkəməyə müraciət edərək yaranmış vəziyyətin onların günahı olmadığını, nikahın qanuni şəkildə bağlandığını düşündüklərini bildirib və evliliklərinin etibarlı sayılmasını istəyib. Zwolle Bələdiyyəsinin evləndirmə məmuru da prokurorluğun mövqeyini dəstəkləyib.
Məhkəmə qərarında bildirilib ki, evlilik tarixinin cütlük üçün mənəvi əhəmiyyət daşıdığı başa düşülür, lakin qanunun tələblərindən kənara çıxmaq mümkün deyil.
Qanunvericiliyə əsasən, Hollanda Mülki Məcəlləsinin 1/67-ci maddəsinə görə, nikaha daxil olan şəxslər evləndirmə məmuru və şahidlərin iştirakı ilə bir-birlərini rəsmi həyat yoldaşı kimi qəbul etdiklərini və evliliyin bütün hüquqi öhdəliklərinə sadiq qalacaqlarını açıq şəkildə bəyan etməlidirlər.
Gülnaz Abdullazadə.























