ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO Liderlər Zirvəsi çərçivəsində İranla bağlı sərt açıqlamalar verib. Tramp İranla əldə olunan atəşkəs prosesinin başa çatdığını bildirərək, Tehranla yeni razılaşma əldə etməyin onun üçün vaxt itkisi olduğunu deyib.
Referans Media xəbər verir ki, NATO Baş katibi Mark Rutte ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandıran Tramp İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini vurğulayıb.
“İrana dünən gecə çox güclü şəkildə hücum etdik. Onlar nüvə silahına sahib ola bilməyəcəklər”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti İranın nüvə proqramı ilə bağlı mövqeyinin dəyişmədiyini qeyd edib. “İranın nüvəsizləşdirilməsini təmin edəcəyik. Keçmişdə minlərlə əsgərimizi öldürüblər”, – deyə Tramp bildirib.
İranla aparılan danışıqlara da toxunan ABŞ lideri bildirib ki, mövcud razılaşma onun üçün artıq qüvvədə deyil. “İranla atəşkəs mənim üçün bitdi. Onlarla anlaşmağa çalışmaq vaxt itkisidir”, – deyə Tramp qeyd edib.
Tramp NATO müttəfiqlərini də tənqid edib. O, İran məsələsində bəzi ölkələrdən gözlədiyi dəstəyi almadığını bildirib. ABŞ lideri xüsusilə İspaniyanı hədəfə alaraq, Madridin müdafiə öhdəliklərini yerinə yetirmədiyini iddia edib. “İspaniya ümidsiz vəziyyətdir. Onlarla ziyarətləri, ticarəti və digər məsələləri dayandırmışıq”, – deyə Tramp bildirib.
Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı da diqqətçəkən açıqlama verib. ABŞ Prezidenti Ərdoğanı sevdiyini bildirib və Ankarada yüksək səviyyədə qarşılandığını qeyd edib. “Ankarada olmaqdan çox məmnunam”, – deyə Tramp vurğulayıb.
Trampın NATO Zirvəsində İran, NATO müttəfiqləri və Türkiyə ilə bağlı açıqlamaları beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
