ABŞ Prezidenti Donald Tramp İranla nüvə danışıqları və mümkün razılaşma perspektivləri barədə sosial media hesabında yeni açıqlama verib. Onun sözləri beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub.
Referans Media xəbər verir ki, ABŞ lideri bildirib ki, İranla əldə olunacaq hər hansı razılaşma yalnız güclü, ədalətli və mənalı şərtlər əsasında mümkündür.
Əks halda heç bir saziş imzalanmayacaq.
“İranla ya güclü razılaşma olacaq, ya da heç bir razılaşma olmayacaq. Bu razılaşma İrana nüvə silahlarına birbaşa və açıq yol açan uğursuz Obama administrasiyasının danışıqları nəticəsində əldə edilən fəlakətin tam əksi olacaq. Xeyr, mən belə bir razılaşma bağlamıram!”
Tramp həmçinin əvvəlki ABŞ administrasiyasının İran siyasətini tənqid edərək həmin dövrdə imzalanan razılaşmanın ABŞ və müttəfiqlərin təhlükəsizliyi üçün risk yaratdığını iddia edib. O, hazırkı mövqeyinin daha sərt və “real təhlükəsizlik təmin edən” yanaşmaya əsaslandığını vurğulayıb.
ABŞ Prezidenti Demokrat Partiyasını da tənqid edib. Onun sözlərinə görə, Demokratlar İranla bağlı aparılan danışıqlar barədə yetərli məlumat olmadan açıqlamalar verirlər:
“İranla bağlamağa çalışdığım potensial razılaşma haqqında heç nə bilməyən bütün Demokratlara istehza edirəm. Onlar hələ danışıqlar yolu ilə həll olunmamış məsələlərdən danışırlar. Daim pis siyasətləri və daha zəif namizədləri dəstəkləyirlər, lakin əldə etdiyim hər böyük nailiyyəti tənqid edirlər”.
Trampın bu açıqlaması ABŞ-İran münasibətləri və nüvə danışıqları ətrafında müzakirələri yenidən gündəmə gətirib.
