Tramp Venesueladan sonra istiqaməti şimala çevirdi: Növbəti hədəf bəlli oldu

Venesuelaya yönəlik əməliyyatdan sonra istiqaməti şimala çevirən ABŞ Prezidenti Donald Tramp, Qrenlandiyanın strateji əhəmiyyətini əsas gətirərək adanı “milli təhlükəsizlik” çərçivəsində nəzarət altına almaq niyyətini bir daha dilə gətirdi.

Referans Media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xarici siyasətdə izlədiyi aqressiv genişlənmə strategiyası Venesueladakı hərbi əməliyyatlardan sonra bu dəfə Şimal qütbünə yönəlib.

“Daily Mail” qəzetinin xəbərinə görə, Tramp administrasiyası Qrenlandiyanın nəzarətinin ələ keçirilməsi ilə bağlı planları yenidən gündəmə gətirib və bu dəfə hərbi variantların da masa üzərində olduğu mesajını verir.

Tramp açıqlamalarında Rusiya və Çinə məxsus gəmilərin Qrenlandiya ətrafındakı sularda artan hərəkətliliyinin ABŞ üçün birbaşa təhdid yaratdığını bildirib. Danimarkanın bu təzyiqə qarşı duracaq hərbi gücə sahib olmadığını iddia edən Tramp, “Qrenlandiyaya milli təhlükəsizliyimiz üçün ehtiyacımız var” deyərək adanın mülkiyyətinin və ya nəzarətinin Vaşinqtona verilməli olduğunu vurğulayıb.

Diplomatik dairələrdə “Don-roe Doktrinası” adlandırılmağa başlanan bu yeni siyasət, ABŞ-nin yalnız öz qitəsində deyil, strateji əhəmiyyət verdiyi bütün yaxın coğrafiyalarda mütləq üstünlük qurmasını nəzərdə tutur.

Lakin NATO üzvü olan Danimarkaya bağlı muxtar bir bölgənin hədəf seçilməsi alyans daxilində ciddi narahatlıq yaradıb. Xüsusilə NATO-nun baş katibi Mark Rutte ilə keçirilən görüşlərdə Trampın Kanadanı “51-ci ştat” adlandırmaqla kifayətlənməyib, Qrenlandiya kimi ərazilər üzərində də iddia irəli sürməsi Avropa paytaxtlarında böyük təşvişlə izlənilir.

Analitiklər Trampın Kuba və Kolumbiya üzərində də təzyiqləri artırdığını, Qrenlandiya addımının isə bu yeni “ekspansionist” dövrün ən kritik mərhələsi ola biləcəyini bildirirlər. Kopenhagen rəhbərliyi adanın satılmadığını qəti şəkildə bəyan etsə də, Vaşinqtonun növbəti addımının diplomatik təklif, yoxsa daha sərt müdaxilə olacağı maraqla gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki