ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampın İranla davam edən qarşıdurma ilə bağlı hərbi əməliyyatlarını məhdudlaşdırmağı nəzərdə tutan qanun layihəsini qəbul edib.
Referans Media xəbər verir ki, Sənəddə Tramp administrasiyasından ya ABŞ hərbçilərini münaqişə bölgəsindən geri çəkməsi, ya da əməliyyatların davam etdirilməsi üçün Konqresdən rəsmi icazə alması tələb olunur.
Qanun layihəsi 215 lehinə, 208 əleyhinə səslə qəbul edilərək Senata göndərilib. Səsvermə zamanı 4 respublikaçı konqresmenin demokratlarla birlikdə layihəni dəstəkləməsi diqqət çəkib. Bu addım Trampın İran siyasətinə qarşı narazılığın artıq öz partiyası daxilində də artdığını göstərib.
ABŞ mediasının məlumatına görə, Respublikaçılar Partiyasının rəhbərliyi əvvəllər kifayət qədər dəstək olmadığı üçün səsverməni iki həftə təxirə salmışdı. Lakin münaqişənin uzanması və administrasiyanın gözlənilən nəticələri əldə edə bilməməsi layihənin qəbulunu sürətləndirib.
Qanun layihəsinin gündəmə gəlməsi Demokratların “Müharibə Səlahiyyətləri Aktı”ndan istifadə təşəbbüsündən sonra mümkün olub. Bununla belə, Konqresin prezidentə qoşunları geri çəkməyi məcburi şəkildə tələb edib-edə bilməyəcəyi ABŞ hüququnda mübahisəli məsələ olaraq qalır.
Donald Tramp və tərəfdarları isə Konqresin müharibə səlahiyyətlərini məhdudlaşdırmaq cəhdlərinin Konstitusiyaya zidd olduğunu bildirirlər.
Son səsvermə həm də Trampla bəzi respublikaçı siyasətçilər arasında fikir ayrılıqlarının dərinləşdiyini ortaya qoyub. Analitiklər hesab edirlər ki, İranla bağlı siyasət ətrafında yaranan müzakirələr qarşıdakı seçkilər ərəfəsində ABŞ-da siyasi gərginliyi daha da artıracaq.
