Donald Trampın İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlıqla bağlı komandasına göstəriş verdiyi iddia olunur. Məlumatlara görə, bu addım birbaşa hərbi müdaxilədən çox, iqtisadi təzyiq strategiyasına üstünlük verildiyini göstərir.
Referans Media xəbər verir ki, iddialara əsasən, ABŞ administrasiyası artıq aprel ayında başladılan blokadanı daha uzunmüddətli formata keçirməyi planlaşdırır. Məqsəd İranı xüsusilə nüvə proqramı ilə bağlı geri addım atmağa məcbur etməkdir.
Vaşinqton və Tehran arasında danışıqların dalana dirəndiyi bildirilir. İran tərəfi Hörmüz boğazının açılması üçün blokadanın ləğvini şərt kimi irəli sürsə də, ABŞ bu təklifə müsbət yanaşmır.
Hörmüz boğazındakı risklər qlobal bazarlara birbaşa təsir edir. Neft qiymətləri 111 dolları keçib, tanker daşımalarında azalma var və təchizat zəncirində qeyri-müəyyənlik artır
Ekspertlər bildirir ki, blokadanın uzanması enerji böhranını daha da dərinləşdirə bilər.
Bütün təzyiqlərə baxmayaraq, İranın geri addım atmadığı və alternativ yollarla neft ixracını davam etdirdiyi qeyd olunur. Bu isə ABŞ strategiyasının effektivliyi ilə bağlı suallar yaradır.
Analitiklər vəziyyətin klassik müharibədən çox, iqtisadi və geosiyasi qarşıdurma mərhələsinə – “soyuq müharibə tipli” prosesə keçdiyini vurğulayır.
