Türkiyə bir gündə fəlakəti yaşadı: Ölkə ekstrem hava ilə mübarizə aparır - VİDEO

Türkiyə ərazisi bu gün nadir rast gəlinən kəskin hava hadisələrinin təsiri altına düşüb. Ölkənin müxtəlif bölgələrində eyni vaxtda həm tornadolar, həm güclü dolu yağışları, həm də super hüceyrə tipli fırtına sistemləri qeydə alınıb.

Referans Media xəbər verir ki, meteoroloji müşahidələrə əsasən gün ərzində 4 tornado, 8 super hüceyrə və 13 ayrı nöqtədə dolu yağışı qeydə alınıb. Hadisələr bir neçə bölgədə eyni anda təsirli olub.

Ən ciddi fəsadlar Çorum şəhərinin Sunqurlu rayonunda baş verib. Oyaca və Kavşut kəndlərində yaranan güclü tornado evlərin dam örtüklərini uçurub, ağacları kökündən çıxarıb. Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.

Eyni gündə Çankırı və İzmir bölgələrində də oxşar hava hadisələri qeydə alınıb. Menemen ərazisində müşahidə olunan tornado isə vətəndaşlar tərəfindən saniyə-saniyə lentə alınıb.

Meteorologiya məlumatlara görə, atmosferdə baş verən güclü isinmə 8 ayrı super hüceyrənin formalaşmasına səbəb olub. Bu sistemlər xüsusilə ölkənin şimal və qərb bölgələrində dolu yağışlarını gücləndirib.

Denizli və ətraf ərazilərdə müşahidə olunan güclü külək sistemi “partlayış” adlanan ani və şiddətli hava axını ilə müşayiət olunub.

Gün ərzində ölkə üzrə intensiv ildırım qeydə alınıb. İstanbul və Kocaeli səmasında Mammatus və Undulatus asperatus tipli nadir bulud formaları müşahidə edilib.

Mardin, Şanlıurfa və Hatay bölgələrində isə güclü çöl tozu axını səbəbindən görmə məsafəsi ciddi şəkildə azalıb, hava keyfiyyəti aşağı düşüb.

Mütəxəssislər bildirir ki, eyni gündə bu qədər müxtəlif ekstrem hava hadisəsinin ölkə üzrə müşahidə olunması nadir hallardan biridir və atmosfer proseslərinin qeyri-sabitliyini göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki