Türkiyə gündəmini silkələyən OLAY: Narin Güran işi üzrə yeni qərar VERİLDİ

Türkiyənin Diyarbəkir vilayətində 2024-cü il avqustun 21-də qətlə yetirilən 8 yaşlı Narin Güranın ölümü ilə bağlı məhkəmə işi üzrə yeni mərhələyə keçilib. Dosye baxışa qəbul edilib və iş üzrə qərar mərhələsi başlayıb. Ali Məhkəmənin yaxın günlərdə yekun qərar verməsi gözlənilir.

Referans Media xəbər verir ki, Diyarbəkirdə yaşayan azyaşlı Narin Güran 21 avqust 2024-cü ildə itkin düşmüşdü. 8 yaşlı qızın cansız bədəni 8 sentyabr 2024-cü ildə kənddən təxminən 1,5 kilometr məsafədə yerləşən Eğertutmaz dərəsinin kənarında, çuvalın içərisində tapılıb.

Qonşu Nevzat Bahtiyar cəsədi dərənin kənarında basdırdığını etiraf etsə də, qətli törətməsi ilə bağlı ittihamları qəbul etməmişdi. 2024-cü il dekabrın 28-də Diyarbəkir 8-ci Ağır Cinayət Məhkəməsində keçirilən prosesdə ana Yüksel Güran, əmi Salim Güran və qardaş Enes Güran “birgə şəkildə qəsdən adam öldürmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.

Nevzat Bahtiyar isə “cinayəti və cinayətkarı gizlətmək” ittihamı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Yerli məhkəmənin hökmü Regional Apellyasiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dosye Ali Məhkəməyə göndərilib.

Ali məhkəmə yekun qərar vermək üçün dosyeni icraata götürüb. İş üzrə vəkillər UYAP (Milli Məhkəmə İnformasiya Sistemi) üzərindən dosyenin bu gündən etibarən Ali Məhkəmə tərəfindən baxışa alındığını təsdiqləyiblər.

Beləliklə, Narin Güran qətli ilə bağlı məhkəmə prosesi qərar mərhələsinə daxil olub. Ali Məhkəmənin yaxın günlərdə hökmü açıqlaması gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki