Türkiyədə film kimi hadisə: 11 kiloqram qızıl yoxa çıxdı

İstanbul-İzmir magistralında qeyri-adi hadisə baş verib. Zirehli avtomobil vasitəsilə daşınan qızıllar, Bursa yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində avtomobildə olan üç nəfər yüngül xəsarət alıb, 11 kiloqram qızıl isə yoxa çıxıb.

Referans Media xəbər verir ki, hadisə İzmir-İstanbul magistralının Karacabəy hissəsində baş verib. Məlumata görə, qızıl daşıyan zirehli avtomobil hərəkət edərkən təkəri partlayıb və nəzarəti itirib. Avtomobil yol kənarına çırpılıb və təxminən 4 dəfə fırlanaraq dayanıb. Qəza zamanı sürücü E.Ö. (21) və sərnişinlər R.T. (30) və V.T. (48) yüngül xəsarət alıblar.

Hadisə barədə məlumat verildikdən sonra əraziyə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb edilib. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib. Onların həyatı təhlükəsi olmadığı bildirilib.

Qəzadan sonra avtomobildə aparılan yoxlamada 11 kiloqram qızılın yoxa çıxdığı müəyyən edilib. Bu səbəbdən jandarma əməkdaşları ərazidə genişmiqyaslı axtarışa başlayıb. Yol kənarı və ətraf ərazilərdə detektorlarla axtarış aparılsa da, qızıllara dair heç bir iz tapılmayıb.

Firma tərəfindən itkin qızılların seriya nömrələri açıqlanıb və yerli zərgərlərdən də yardım istənib. Hadisə ilə bağlı jandarma tərəfindən genişmiqyaslı istintaq aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki