Türkiyədə güclü qar yağışı səbəbindən Malatya, Elazığ, Tunceli, Hakkari, Muş və Bingöldə təhsilə bir gün fasilə verilib. Kocaelinin Darıca rayonunda isə şiddətli fırtına və bununla bağlı elektrik enerjisi kəsintiləri səbəbindən məktəblər bağlanıb.
Referans media xəbər verir ki, Türkiyəni təsiri altına alan soyuq hava dalğası bir çox şəhərdə fırtına və qar yağışına səbəb olub. Xüsusilə Şərqi Anadolu bölgəsində bəzi vilayətlərin valilikləri əlverişsiz hava şəraiti ilə əlaqədar təhsilə fasilə verildiyini açıqlayıb.
Kocaeli – Darıca
Darıca rayonunda təsirli olan güclü fırtına və nəticəsində yaranan elektrik kəsintiləri səbəbindən bu gün bütün dövlət və özəl təhsil müəssisələrində dərslər dayandırılıb. Rayon rəhbərliyinin sosial şəbəkə hesabında yayımlanan açıqlamada qərarın təhlükəsizlik məqsədilə alındığı bildirilib.
Malatya
Malatyada gözlənilən intensiv qar yağışı səbəbindən 9 yanvar 2026-cı il, cümə günü təhsilə 1 günlük fasilə verilib. Vali Seddar Yavuz açıqlamasında Təhsil Nazirliyi və Ailə və Sosial Xidmətlər Nazirliyinə bağlı bütün təhsil müəssisələrinin fəaliyyətinin dayandırıldığını bildirib.
Elazığ
Elazığda güclü qar yağışı və buzlanma riski səbəbindən 9 yanvar cümə günü dərslər təxirə salınıb. Açıqlamada bildirilib ki, əlillər, hamilə qadınlar və xroniki xəstəliyi olan dövlət qulluqçuları həmin gün inzibati məzuniyyətli sayılacaq.
Muş vilayətində əlverişsiz hava şəraiti səbəbindən vilayət üzrə bütün məktəblərdə sabah təhsilə ara verilib. Meteoroloji proqnozlara əsasən, bölgədə güclü qar yağışı gözlənilir.
Bingöl – Karlıova
Bingölün Karlıova rayonunda intensiv qar yağışı və mənfi hava şəraiti səbəbindən 9 yanvar cümə günü bütün rəsmi və özəl təhsil müəssisələrində dərslər dayandırılıb.
Hakkari
Hakkaridə güclü qar yağışı, uçqun və buzlanma riski səbəbindən vilayət üzrə bütün məktəblərdə təhsilə fasilə verilib. Hamilə və əlil dövlət qulluqçuları, xroniki xəstələr və 0–12 yaş arası övladı olan valideynlərdən biri həmin gün inzibati məzuniyyətli sayılacaq.
Tunceli
Tuncelidə qar yağışı və buzlanma təhlükəsi səbəbindən 9 yanvar cümə günü (universitetlər istisna olmaqla) bütün rəsmi və özəl təhsil müəssisələrində dərslər dayandırılıb. Uşaq bağçasına gedən övladı olan qadın əməkdaşlar və əlil, hamilə personal inzibati məzuniyyətə buraxılıb.
