Türkiyədə fevralın əvvəlindən etibarən şimaldan soyuq və qarlı hava kütlələrinin daxil olması ilə qış şəraiti yenidən güclənib, temperatur kəskin düşüb.
Referans Media xəbər verir ki, Meteorologiya Baş İdarəsi ölkənin böyük hissəsini təsiri altına alan soyuq hava dalğasının davam edəcəyini açıqlayıb və 21 vilayət üçün “sarı” kodlu xəbərdarlıq yayımlayıb.
Xəbərdarlıq edilən vilayətlər bunlardır: Adana, Ağrı, Artvin, Diyarbəkir, Giresun, Gümüşhane, Hakkari, Mersin, Qars, Kahramanmaraş, Ordu, Rize, Samsun, Siirt, Tokat, Trabzon, Van, Batman, Şırnak, Ardahan və İğdır.
Güclü qar və fırtına gözlənilir
Sinoptiklərin proqnozuna görə: Qara dəniz sahillərində, Şərqi Anadolunun şərqində və Tokat ətrafında yağıntılar bəzi yerlərdə intensiv qar şəklində olacaq. Sahil bölgələrində yağış və leysan, daxili və yüksək ərazilərdə isə sulu qar və qar müşahidə ediləcək.
Mərmərənin şərqi, Qərbi Aralıq dənizinin daxili hissələri, Mərkəzi Anadolunun şimal və şərqi, Cənub-Şərqi Anadolunun şərqi və Dənizli ətrafında da yağıntı gözlənilir.
Egey sahillərinin cənubu, Aralıq dənizi bölgəsi, Mərkəzi Anadolunun cənub və şərqi, həmçinin Orta və Şərqi Qara dəniz sahillərində küləyin qısa müddətli fırtına şəklində əsəcəyi proqnozlaşdırılır. Küləyin sürəti saatda 70 kilometrə çata bilər. Bu səbəbdən nəqliyyatda fasilələr yarana biləcəyi bildirilir.
Şərqi Qara dənizin daxili rayonlarında və Şərqi Anadoluda qalın qar örtüyü olan maili ərazilərdə uçqun təhlükəsi davam edir. Xüsusilə yüksək dağlıq ərazilərdə yaşayan vətəndaşlara ehtiyatlı olmaq tövsiyə olunur.
Proqnozlara əsasən, yağıntılar şənbə günü ölkənin daxili, şimal və şərq bölgələrində davam edəcək. Bazar günü isə əsasən Şərqi Qara dəniz sahilləri ilə Qars, Ardahan və İğdır ətrafında təsirli olacaq.
Gələn həftədən etibarən isə ölkə üzrə günəşli hava üstünlük təşkil edəcək. Bazar ertəsi günü temperaturun İstanbulda 13°, İzmirdə 17°, Ankarada isə 10°-yə qədər yüksələcəyi gözlənilir.
