Ukrayna Rusiyanın hava limanlarını buna görə HƏDƏF ALIR – Ekspert AÇIQLADI backend

Ukrayna Rusiyanın hava limanlarını buna görə HƏDƏF ALIR – Ekspert AÇIQLADI 

  Hərbi ekspert Pavel Narojnının fikrincə, Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın hava məkanına hücumlar etməsi təkcə hərbi deyil, həm də iqtisadi məqsədlər güdür.

Referans xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

O bildirib ki, bu cür hücumlarla Ukrayna Rusiyanın iqtisadiyyatını zəiflətməyə çalışır.

“Bir neçə aviasiya eksperti hesablamalar aparıb və məlum olub ki, Rusiya bütün bu reyslərin təxirə salınması, marşrutların dəyişdirilməsi və digər səbəblərdən on milyardlarla rubl itirir. Bu isə çox böyük məbləğdir. Halbuki biz bu dronların hazırlanması və buraxılışına olduqca az vəsait xərcləyirik. Məbləğlər arasında ciddi fərq var”, – deyə Narojnı “Radio NV”yə müsahibəsində bildirib.

Ekspertin sözlərinə görə, hava nəqliyyatı rusiyalılar üçün olduqca önəmlidir. Rusiyada elə regionlar var ki, Moskvadan təyyarədən başqa heç bir vasitə ilə getmək mümkün deyil. Onun fikrincə, Ukraynanın bu hücumları ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə söhbətində səsləndirdiyi ehtimal edilən “Moskvanı vurmaq” tezisinə də dəstək ola bilər. Qeyd edək ki, bu barədə daha əvvəl Qərb KİV-ləri məlumat yayıb.

Narojnı həmçinin izah edib ki, bu hücumların baş tutmasının əsas səbəbi Rusiyada, hətta Moskvada belə, hava hücumundan müdafiə sistemlərinin çatışmamasıdır. Ekspert bildirir ki, Ukrayna da Rusiyanın istifadə etdiyi “Şahed” tipli dronlar kimi öz PUA-larını təkmilləşdirir, onları daha yüksəkdən uçmağa və şaquli hücumlar həyata keçirməyə uyğunlaşdırır.

“Effektiv hava hücumundan müdafiə üçün sistemlər pilləli şəkildə qurulmalıdır. Yaxın, orta və uzaq mənzilli müdafiə vasitələri olmalıdır. Hazırda Moskvanın tam qorunması üçün lazım olan qədər PUA əleyhinə sistem qurmaq qeyri-mümkündür. Çünki bu sistemlərin əksəriyyəti Ukraynanın işğal olunmuş ərazilərində cəmləşib və bizim qüvvələr onları sistemli şəkildə məhv edir”, – deyə ekspert əlavə edib.

Rusiyada hava limanları tez-tez fəaliyyətini dayandırır
UNIAN xəbər verir ki, iyulun 20-nə keçən gecə Ukrayna dronları Moskva vilayətinə hücumlar həyata keçirib. Nəticədə bir neçə ərazidə yanğınlar baş verib, hava limanlarının fəaliyyəti dayandırılıb. Rusiya mediasının yazdığına görə, Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski hava limanlarında təyyarələrin qəbulu və göndərilməsi tamamilə dayandırılıb.

İyulun 17-nə keçən gecə də Moskva və digər bir neçə şəhərə dron hücumları olub. Hətta bəzi dronlar Sankt-Peterburqa qədər çatıblar. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, həmin səhər iki dron məhv edilib. Həmin vaxt Sankt-Peterburqdakı “Pulkovo” hava limanı da fəaliyyətini dayandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki