UNICEF tərəfindən yayımlanan yeni hesabatda bildirilir ki, dünyadakı uşaqların yarısı sağlamlıq, təhsil və həyat şəraitini təhdid edən ən azı üç iqlim təhlükəsinin təsiri altındadır.
Hesabata görə, dünyada 1 milyarddan çox uşaq eyni anda isti hava dalğaları, fırtınalar, daşqınlar və quraqlıq kimi iqlim hadisələri ilə mübarizə aparır. Demək olar ki, hər bir uşaq ən azı bir iqlim təhlükəsinə məruz qalır, 123 min uşaq isə həyatı boyu altıdan çox iqlim böhranı ilə qarşılaşacaq.
UNICEF-in direktoru Catherine Russell bildirib ki, uşaqların həyatı isti hava dalğaları, meşə yanğınları, quraqlıq və daşqınların təsiri ilə ciddi şəkildə dəyişir.
Hesabatda iqlim böhranının infrastruktur üzərində də ağır təsirlər yaratdığı vurğulanıb. Məsələn, Papua Yeni Qvineyada körpünün dağılması səbəbindən uşaqlar məktəbə getmək üçün timsahlarla dolu çayı üzərək keçmək məcburiyyətində qalırlar.
Araşdırmaya əsasən, Sahel bölgəsi iqlim dəyişikliklərindən ən çox zərər çəkən ərazilərdəndir. Asiyada isə Banqladeş, Myanma və Pakistan uşaqların ən çox iqlim təhlükəsinə məruz qaldığı ölkələr sırasındadır.
UNICEF hökumətləri karbon emissiyalarını azaltmağa, səhiyyə və təhsil sistemlərini gücləndirməyə, eləcə də uşaqları iqlim böhranının təsirlərindən qorumaq üçün daha dayanıqlı infrastruktur yaratmağa çağırıb.
