Venesuelada ABŞ-ın hərbi müdaxiləsi zamanı həlak olan hərbçilərin xatirəsinə 7 günlük ümummilli matəm elan olunub. Bildirilir ki, sözügedən müdaxilə ABŞ qüvvələrinin Prezident Nikolas Maduronu ələ keçirməsi ilə nəticələnib.
Referans Media xəbər verir ki, qərar Venesuela Ali Məhkəməsinin (TSJ) qərarı və ordunun dəstəyi ilə müvəqqəti dövlət başçısı səlahiyyətlərini icra edən vitse-prezident Delsi Rodriges tərəfindən açıqlanıb. Onun çıxışı paytaxt Karakasda dövlətə məxsus VTV telekanalı vasitəsilə canlı yayımlanıb.
Rodriges ABŞ-ın müdaxiləsi zamanı həyatını itirən gənc hərbçilərin anılması üçün 7 günlük matəm elan edildiyini bildirərək qeyd edib ki, onlar Venesuelanı və Prezident Nikolas Maduronu müdafiə edərkən canlarını qurban veriblər.
“Bu gənclər ölkəmizi və Prezident Maduronu qoruyarkən həyatlarını fəda etdilər. Biz onlara borcluyuq. Onların cansız bədənlərinin görüntüləri məni dərindən sarsıtdı, amma bilirəm ki, onlar bu respublikanın ən ali dəyərləri uğrunda özlərini qurban verdilər”, – deyə Rodriges bildirib.
Məlumata görə, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi zamanı 32 kubalı hərbçi və 24 venesuelalı təhlükəsizlik əməkdaşı həlak olub.
Gülnaz Abdullazadə.
