Vyetnamda pişik oğurluğu ilə məşğul olduğu iddia edilən cinayət şəbəkəsinin ifşa edilməsindən sonra kəsilmək üçün toplanmış 400-dən çox pişik xilas edilib.
Ho Şi Min şəhər polisinin rəsmi qəzetində yer alan məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən “pişik oğurluğu və toplanması üzrə ixtisaslaşmış cinayət qrupu” kimi xarakterizə edilən şəbəkə ilə əlaqəli 9 nəfər saxlanılıb.
Basqınlarda yüzlərlə canlı və ölü pişik aşkar edilib
Polis əməkdaşlarının ötən həftə Tay Nin vilayəti və Ho Şi Min şəhərində keçirdiyi əməliyyatlar zamanı 400-dən çox canlı pişik, həmçinin buz üzərində saxlanılan təxminən 80 ölü pişik aşkar edilərək götürülüb.
Ayrı bir obyektdə isə daha 21 pişik müsadirə olunub.
Vyetnamda it və pişik ətinin istehlakı qanuni sayılsa da, satıcıların heyvanların mənşəyini təsdiq edən rəsmi icazə sənədinə malik olması tələb olunur.
Yerli KİV-in məlumatına görə, polis Ho Şi Min şəhərində ev heyvanlarının oğurlanması ilə bağlı şikayətlərin artmasından sonra başladığı araşdırma çərçivəsində iyunun 11-də sözügedən qrupun izinə düşüb.
Şübhəlilər son üç ildə Vyetnamın cənubunda tələlər quraraq pişik topladıqlarını etiraf ediblər.
İstintaq materiallarına əsasən, oğurlanan pişiklər toplama mərkəzlərinə daşınıb və hər iki-üç gündən bir alverçilərə satılıb.
Heyvan hüquqları təşkilatlarından təşəkkür
"Humane World for Animals" heyvan hüquqları təşkilatı bildirib ki, xilas edilən pişiklərdən təxminən 40-ı sahiblərinə qaytarılıb.
Təşkilat yerli hakimiyyət orqanlarına çox sayda heyvanın həyatını xilas etdiklərinə görə təşəkkür edib. Eyni zamanda qeyd olunub ki, bəzi pişiklər yaşadıqları travma səbəbindən sonradan tələf olublar.
Hazırda polis tərəfindən sübut kimi saxlanılan heyvanlar üçün yem və digər zəruri vasitələrin təmin edilməsi davam etdirilir.
Polis istintaqın davam etdiyini bildirərək ev heyvanlarının oğurlandığını düşünən sakinləri xilas edilən heyvanların tanınması üçün müraciət etməyə çağırıb.
Ölkədə pişik və it əti ticarəti
"Humane World for Animals" təşkilatının məlumatına görə, Vyetnamda hər il təxminən 5 milyon it və 1 milyon pişik əti üçün tutulur, oğurlanır və ya ticarət məqsədilə kəsilir.
Təşkilatın məlumatına əsasən, ev heyvanları tez-tez evlərin həyətlərindən oğurlanır. Bu məqsədlə itlər üçün zəhərli yemlər və elektrik şok cihazlarından, pişiklər üçün isə yaylı tələlərdən istifadə olunur.
Mütəxəssislər qeyd edirlər ki, Vyetnamda it və pişik əti istehlakı digər Asiya ölkələri ilə müqayisədə daha geniş yayılsa da, bu yanaşma son illərdə dəyişməyə başlayıb.
2023-cü ildə keçirilən ictimai rəy sorğusu göstərib ki, xüsusilə gənclər və ev heyvanı sahibləri arasında pişik və it əti ticarətinə qarşı etirazlar artır və əhalinin böyük hissəsi bu ticarətin qadağan olunmasını dəstəkləyir.
