Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyasının beşinci gününə yekun vurulub.
Referans Media xəbər verir ki, forum bu gün də işinə müzakirələrlə davam edib.
Gün ərzində “Azərbaycanın ilk milli dayanıqlılıq standartının hazırlanması: Dayanıqlı təcrübələr standartı”, “Böhranların bərpası və yenidənqurma prosesində mənzilin mərkəzi rolu”, “Mənzil maliyyələşdirilməsi üzrə yeni razılaşma”, “Şəhərlər üçün iqlimə dayanıqlı təbiətəsaslı həllər (NbS) layihələri üzrə potensialın gücləndirilməsi” və başqa mövzularda müzakirələr aparılıb.
“Azərbaycanın ilk milli dayanıqlılıq standartının hazırlanması: Dayanıqlı təcrübələr standartı (SPS)” adlı paneldə çıxış edən Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki, WUF13 Azərbaycanın dayanıqlı urbanizasiya, ekoloji məsuliyyət və iqlim dayanıqlılığı istiqamətində prioritetlərini nümayiş etdirir.
Maliyyə nazirinin birinci müavini Anar Kərimov isə forum çərçivəsində keçirilən konfransda vurğulayıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərini bərpa edir, bu istiqamətdə 10 milyard ABŞ dollarından çox vəsaiti ev və mənzil tikintisinə yönəldib.
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev isə “Evlərin və gələcəyin bərpası: Xarkovda şəhər dirçəlişi” adlı paneldə dəstəyə görə rəsmi Bakıya təşəkkür edib.
WUF13 çərçivəsində mənzil siyasəti və yerli əməkdaşlıq müzakirə olunub.
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Urbisiddən, münaqişədən sonrakı yenidənqurmaya aparan yol” adlı paneldə çıxış edib.
O, çıxışı zamanı bildirib ki, Kəlbəcərdə beş kəndin layihələndirmə işləri tamamlanıb.
Həmçinin əlavə olunub ki, Kəlbəcərdə indiyədək 222 min kvadratmetr ərazi minalardan təmizlənib.
Bundan başqa bildirilib ki, sözügedən rayonda enerji təminatı sahəsində artıq 10-dan çox su elektrik stansiyası istifadəyə verilib.
Xatırladaq ki, işinə mayın 17-də başlayan forumun mayın 18-də rəsmi açılış mərasimi olub və Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Əlavə edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.
“Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan forum sabah yekunlaşacaq.
