Xərçəng xəstəliyi bir çox hallarda erkən mərhələdə özünü açıq şəkildə göstərmir. Məhz buna görə də həkimlər bu xəstəliyi “səssiz inkişaf edən xəstəlik” kimi xarakterizə edirlər.
Orqanizmdə baş verən bəzi kiçik dəyişikliklər isə ciddi bir problemin ilkin siqnalı ola bilər.
Referans Media xəbər verir ki, həkimlərin fikrincə, səbəbsiz çəki itkisi, uzun müddət davam edən yorğunluq, dəridə dəyişikliklər, keçməyən öskürək, səs batması, həzm sistemində pozuntular və qeyri-adi qanaxmalar diqqətə alınmalı əsas əlamətlərdəndir. Bu simptomlar təkbaşına xərçəng demək olmasa da davamlı şəkildə müşahidə olunduqda mütləq araşdırılmalıdır.
Mütəxəssislər bildirirlər ki, “ən böyük risk simptomların gec fərq edilməsidir”. Onların sözlərinə görə, bir çox pasiyentlər ilkin əlamətləri ya əhəmiyyətsiz sayır, ya da başqa səbəblərlə əlaqələndirirlər. Halbuki erkən mərhələdə aparılan müayinələr xəstəliyin vaxtında aşkarlanmasında həlledici rol oynayır. Həkim onkoloqların tövsiyəsinə əsasən, aşağıdakı hallarda mütləq tibbi yoxlanışdan keçmək lazımdır: əlamətlər 2–3 həftədən çox davam edirsə, bədəndə yeni şişlik və ya düyün hiss olunursa, izahsız qanaxma varsa və ya ümumi sağlamlıq vəziyyətində qəfil pisləşmə baş verirsə, vaxt itirmədən həkimə müraciət edilməlidir.
Mütəxəssislər əlavə edir ki, xərçəngin erkən diaqnostikası müalicə uğurunu əhəmiyyətli dərəcədə artırır. Buna görə də profilaktik müayinələr, xüsusilə risk qrupunda olan insanlar üçün mütəmadi şəkildə aparılmalıdır. Nəticə olaraq, bədəndəki kiçik dəyişiklikləri belə nəzərdən qaçırmamaq və vaxtında həkimə müraciət etmək sağlamlıq baxımından ən vacib addımlardan biridir.sfera.az























