image-xetai4backend

Xətai rayonunda özbaşınalıq: məhəllə talan edilir, icra strukturları susur

Paytaxtımızın Xətai rayonu Gəncə prospekti 27 ünvanında inşaat işləri aparılması üçün geniş sahə hasarlanır.

Referans Media xəbər verir ki, işləri “Həyat Residence” şirkəti görür. Bu ətrafda yaşayan sakinləri narazı salıb. Çünki illərdi istifadə etdikləri gediş-gəliş yolları, cığırlar tikinti şirkətinin quraşdırdığı çəpərlərin əhatəsində qalıb. Dünənə kimi 5 dəqiqəyə qət etdikləri məsafəni indi ən azı 15-20 dəqiqəyə başa vururlar. Bu vəziyyət xüsusən əhalinin yaşlı qisminə, xəstələrə və azyaşlılara çətinlik yaradır. Ərazidəki pilləkənlər də “Həyat Residence” işçiləri tərəfindən sökülüb.

Deyirlər ki, guya inşaat işləri bitəndən sonra sökdüklərini bərpa edəcəklər. O vaxta kimi bu qədər sakinin haradan gedib-gələcəyini heç kim demir. Heç maraqlanan da yoxdur. Tikinti şirkətinin bu ərazidə işlər görməyə sənədi ola bilər. Amma bu sənədin hansı əsasla verilməsi müəyyən edilməlidir. Bunu isə dövlət hakimiyyətinin yerlərdə təmsilçi olan icra hakimiyyətləri etməlidirlər.

Yəni, indiki halda məsuliyyət Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə düşür. İcra başçısı cənab Rafiq Quluyev müğənni üçün təmtəraqlı qarşılanma mərasimi təşkil etməkdənsə, rayon sakinlərinin qayğıları ilə də məşğul olsa, pis olmazdı. İcra hakimiyyəti vətəndaşlarla hansısa sahibkar arasında yaranmış problemə kənardan baxmamalıdır. Məsələnin qanuni həlli üçün əlaqədar təşkilatlar və hüquq-mühafizə orqanları, məhkəmələr olsa da, əraziyə, orada yaşayan əhaliyə, hər bir şeyə hakimiyyət təmsilçi olaraq icra hakimiyyəti cavabdehdir.

İnanmıram ki, Xətai Rayon İcra Hakimiyyəti bu məsələdən xəbərsiz olsun. İcra Hakimiyyətlərinin təsərrüfat şöbələri, Mənzil Kommunal Təsərrüfatı Birlikləri, Mənzil Kommunal İstismar Sahələri bir qayda olaraq ərazidəki hər dəyişiklikdən anındaca xəbərdar olurlar. Yəqin bu məsələdən də bixəbər deyillər. Ona görə də mövqelərini bilmək maraqlı və vacibdir.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki