Yaponiyanın şimalında yerləşən Aomori prefekturası bölgəsində ilkin məlumatlara görə 7,4 bal gücündə zəlzələ baş verib. Güclü yeraltı təkanlardan sonra sahil bölgələri üçün sunami xəbərdarlığı elan edilib.
Referans Media xəbər verir ki, İvate prefekturası və Hokkaido ərazilərində sunami dalğalarının 3 metrə qədər yüksələ biləcəyi ehtimal olunur.
Rəsmi qurumlar sahil bölgələrində yaşayan sakinləri təcili şəkildə yüksək ərazilərə çıxmağa çağırıb.
Yaponiyanın müvafiq qurumları tərəfindən verilən açıqlamada bildirilib ki, sunami dalğaları artıq bəzi sahillərə çatmağa başlayıb. Eyni zamanda bir neçə dalğanın ard-arda gəlməsi ehtimalı olduğu vurğulanıb.
Mütəxəssislər dalğaların proqnozlaşdırılandan daha tez, gec və ya daha yüksək ola biləcəyini də istisna etmirlər.
Səlahiyyətli qurumlar vətəndaşlara sahil xətti və çay mənsəblərindən uzaq durmağı, xəbərdarlıqlar ləğv edilənədək isə təhlükəsiz ərazilərdə qalmağı tövsiyə edib.
Hazırda mümkün dağıntı və zərərin müəyyənləşdirilməsi üçün xilasetmə və fövqəladə xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.























