Futbol üzrə Azərbaycan çempionatındakı fasilədən istifadə edərək komandalar həm istirahət edir, həm də ikinci dövrəyə yeni planlar qururlar. Eyni zamanda qış təlim-məşqlərinə də start verilib.
Hazırda Misli Premyer-Liqasında mübarizə aparan Yevlaxın “Karvan” komandasının baş məşqçisi Füzuli Məmmədov hazırlıq planları haqqında Referans Media-ya müsahibə verib.
– Füzuli müəllim, qış təlim-məşq toplanışı necə keçir? Futbolçuların hazırlığından razı qaldınızmı?
– İki həftəlik hazırlığımız oldu. Bu müddətdə iki oyun keçirdik. Bir oyun öz aramızda, digəri isə “Kəpəz” ilə oldu. Məşqlərimiz lazımi qədər intensiv keçdi. Futbolçuların fiziki və taktiki hazırlığını nəzər yetirdik. Son oyunda- yanvarın 17-də Gəncənin “Kəpəz” komandası ilə yoxlama matçına çıxdıq. Bu oyunda futbolçuların meydanda hərəkəti, verilmiş tapşırıqları necə yerinə yetirmələri bizim üçün çox önəmli idi. Bir məşqçi kimi bu oyundan da razı qaldım. Təlim-məşq toplanışına gəldikdə isə, nə qədər ağır məşqlər olsa da futbolçular verilən tapşırıqlar öhdəsindən maksimum şəkildə gəlməyə çalışdılar. Bəzi zədəli oyunçularımız var idi ki, onlar da sıralarımıza dönüblər, əsas komanda ilə məşq edirlər. Amma təəssüf ki, hazırlıq vaxtı futbolçumuz Araz Abdillayev ayağında ağrı hiss etdiyini dedi. Risk etməyərək onun məşqlərini dayandırıb həkim nəzarətinə verdik. Ümid edirəm ki, yaxın günlərdə Arazı da yaşıl meydanda görəcəyik. Ümumilikdə futbolçularımız, məşqçi heyəti çempionatın növbəti mərhələsinə tam qüvvə ilə hazırlaşmaqdadırlar.
– Çempionatın ikinci dövrəsində “Karvan”ın heyətində dəyişiklik olacaq?
– Heyətimizə bəzi yeni oyunçular qatılıb. Bunlar Samir Abdullayev, Rauf Rüstəmli və Emin Rüstəmovdur. Emin müdafiə, Rauf yarımmüdafiə, Samir isə hücumda çıxış edir. Onların transferi ilə İstədiyim mövqelərə lazımıi oyunçuları cəlb edə bildim. Amma daha iki futbolçu almaq istəsək də, həm yerli, həm xarici futbolçu gətirmək üçün limitimiz bitdiyindən hələki buna nail olmadıq.Təlim-məşq toplanışı, yoxlamalar zamanı yeni oyunçuların komandaya yaxşı adaptasiya olunmalırını görmək xoş idi.
– Bu il hədəfiniz nədir?
– Komandaya keçidimdən əvvəl də bilirdim ki, nəyə görə gəlirəm. Bizim ilk və ən vacib hədəfimiz “Karvan”ı bu il premyer-liqada saxlamaqdır. Bunun üçün həm rəhbərlik, həm məşqçi heyəti, həm futbolçular, ümumiyyətlə, “Karvan” futbol klubunun hər üzvü var gücü ilə çalışır. İnanıram ki, bu məqsədə nail olub yaxın gələcəkdə daha yaxşı nəticələrlə azarkeşlərimizi sevindirə biləcəyik.
Qeyd edim ki, “Karvan” komandası 2026-ci ildə ilk rəsmi oyununu Misli Premyer- Liqasının XVII turu çərçivəsində yanvarın 25-də səfərdə “Sabah” klubuna qarşı keçirəcək.
Sima Babayeva
