Yunanıstan Baş naziri Kiriakos Mitsotakis ölkədə uşaqların psixi sağlamlığını qorumaq məqsədilə radikal addım atdıqlarını açıqlayıb.
Referans Media xəbər verir ki, 2027-ci il yanvarın 1-dən etibarən ölkədə 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişi rəsmən qadağan olunacaq.
Baş nazir Mitsotakis bu qərarı elə sosial media hesabı vasitəsilə ictimaiyyətə elan edib.
Qərarın çətin, lakin zəruri olduğunu vurğulayan Baş nazir, azyaşlılara müraciət edərək bu addımın onların gələcəyi üçün atıldığını qeyd edib:
“Əminəm ki, bir çox uşaq mənə qəzəblənəcək. Sizin yaşınızda olsaydım, bəlkə mən də eyni şeyi hiss edərdim. Amma bizim vəzifəmiz xoş görünmək deyil, sizə qarşı dürüst olmaqdır. Valideynlər uşaqlarının yata bilməməsindən, daim stress altında olmasından və telefon asılılığından şikayət edirlər. Uşaqların zehni dincəlmir”.
Hökumət rəhbəri bu qərarın əsas səbəbi kimi sosial medianın yaratdığı təşviş pozuntusu, yuxu problemləri və asılılığı göstərib. Araşdırmalar göstərir ki, ölkədə fəaliyyət göstərən yardım mərkəzlərinə müraciət edənlərin 75%-i məhz ibtidai sinif şagirdləridir.
Mitsotakis “Məqsədimiz Avropa İttifaqını da bu istiqamətdə hərəkətə keçirməkdir” deyərək, bu modelin bütün qitədə tətbiq olunmasını hədəflədiklərini bildirib.
Xatırladaq ki, dünyada bu cür qadağanı (16 yaş altı üçün) ilk tətbiq edən ölkə Avstraliya olub. Hazırda Böyük Britaniya və İspaniya kimi ölkələrdə də bənzər layihələr müzakirə mərhələsindədir.






















