Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: “Arıqladan qəhvə”nin təhlükəli üzü ortaya çıxdı

Son dövrlərdə arıqlama çayları və “arıqladan qəhvə” adı ilə satılan məhsulların istifadəsi artır. Bu məhsulların çəkiyə təsiri və mümkün sağlamlıq riskləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Referans Media-ya açıqlama verən qida mütəxəssisi Fərid Səfərov bildirib ki, arıqlama çayları və “arıqladan qəhvə” adı ilə satılan məhsullara yanaşarkən ehtiyatlı olmaq lazımdır. Onun sözlərinə görə, bu məhsulların bir hissəsi çəki azalması görüntüsü yaratsa da, bu, mütləq piy itkisi demək deyil.

Mütəxəssis qeyd edib ki, bəzi “arıqlama çayları” sidikqovucu və ya işlədici təsir göstərən maddələr hesabına orqanizmdən su və bağırsaq möhtəviyyatının xaric olunmasını sürətləndirir:

“Nəticədə tərəzidə çəki müvəqqəti azala bilər, lakin bu, piy toxumasının azalması deyil. Məhsul dayandırıldıqda itirilmiş maye yenidən bərpa oluna bilər. Yağ kütləsinin davamlı azalması isə əsasən enerji balansının dəyişməsi, düzgün qidalanma və fiziki aktivliklə əlaqəlidir”.

F.Səfərovun sözlərinə görə, yaşıl çay, kofein və bəzi bitki ekstraktlarının maddələr mübadiləsinə müəyyən təsiri araşdırılıb. Lakin onların arıqlatma effekti adətən məhduddur və sürətli, nəzərəçarpacaq çəki itkisinə səbəb olduğuna dair kifayət qədər sübut yoxdur.

Qida mütəxəssisi bu məhsulların tərkibinə baxarkən bir sıra maddələrə xüsusi diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, yüksək miqdarda kofein, guarana və digər stimullaşdırıcılar ürəkdöyünmə, təzyiq artımı və ritm pozğunluğuna səbəb ola bilər.

İşlədici bitkilər, o cümlədən senna, ishal, qarın ağrısı və uzunmüddətli istifadədə elektrolit pozğunluqları yarada bilər. Güclü sidikqovucu komponentlər isə susuzlaşma və mineral-elektrolit balansının pozulması riskini artırır.

F.Səfərov qeyd edib ki, yüksək dozalı yaşıl çay ekstraktı adi yaşıl çaydan fərqli olaraq bəzi insanlarda qaraciyər zədələnməsi ilə əlaqələndirilib və dərmanlarla qarşılıqlı təsir göstərə bilər.

Mütəxəssis daha ciddi problemin bəzi məhsullarda etiketdə göstərilməyən dərman və kimyəvi maddələrin aşkarlanması olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ Qida və Dərman Administrasiyası (FDA) son illərdə arıqlama məqsədilə satılan bəzi məhsullarda gizli sibutramin kimi maddələr aşkar edib. Sibutraminin ürək döyüntüsünü və qan təzyiqini əhəmiyyətli dərəcədə artıra biləcəyi qeyd olunur.

“100% təbii”, “yan təsirsiz”, “7 günə 5–10 kq”, “piyi əridir”, “iştahanı tam kəsir” kimi vədlərin istehlakçı üçün xəbərdarlıq siqnalı olmalı olduğunu deyən F.Səfərov məhsulun tam tərkibi, istehsalçısı, mənşəyi və təhlükəsizliyini təsdiqləyən məlumatlar aydın deyilsə, ondan istifadənin düzgün seçim olmadığını vurğulayıb.

O qeyd edib ki, arıqlama çayı və ya qəhvənin tərəzidə müvəqqəti azalma yaratması onun piy yandırdığı anlamına gəlmir. Xüsusilə tərkibi qeyri-müəyyən olan məhsullarda qısa müddətli nəticədən daha çox, susuzlaşma, ürək-damar və qaraciyər problemləri, eləcə də dərmanlarla qarşılıqlı təsir kimi risklər nəzərə alınmalıdır.

“Sağlam qidalanaraq sağlam yaşayın!” – deyə mütəxəssis əlavə edib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki