Azərbaycanlılar Dubaydan niyə üz döndərdi?- AÇIQLAMA

Azərbaycanlı turistlərin Körfəz ölkələrinə marağı 2026-cı ilin ilk yarısında kəskin azalıb. BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Bəhreynə edilən turizm səfərlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 53,5 faiz azalaraq 89 mindən 41 minə düşüb.

Turizm xərcləri də 159,4 milyon manatdan 84,2 milyon manata enib. Ən ciddi geriləmə BƏƏ-də qeydə alınıb. Ötən ilin ilk altı ayında bu ölkəyə 66 mindən çox turizm səfəri olduğu halda, bu ilin eyni dövründə göstərici 23 minə düşüb. Qətər, Küveyt və Bəhreynə səfərlərdə də ciddi azalma var. Bu statistika regionda yaşanan hərbi-siyasi gərginlik və hava nəqliyyatında yaranan problemlərlə eyni dövrə təsadüf edir.

Digər tərəfdən, Dubayda turist axınının sonrakı aylarda bərpa olunması, hotellərin doluluğunun artması göstərir ki, regionun turizm bazarında vəziyyət tamamilə dayanmayıb.

Bəs azərbaycanlı turistlərin Körfəz istiqamətindən geri çəkilməsinin əsas səbəbi nədir və bu tendensiya davam edəcəkmi?

Ceyhun Aşurov: Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr turizmə  yeni nəfəs verir - AZƏRTAC

Referans Media xeber verir ki, ekspert Ceyhun Aşurov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Doğrudur, azərbaycanlı turistlərin Körfəz ölkələrinə, xüsusən də ilin ilk yarısında marağı azalıb və bunun obyektiv və subyektiv səbəbləri var. Bu azalma təkcə birtərəfli deyil, qarşılıqlı olaraq Körfəz ölkələrindən Azərbaycana səfərlərin sayında da azalma olub. İlk növbədə, müharibənin təsiri nəticəsində İran hava məkanının bağlanması, İran-İsrail müharibəsi zamanı bir çox, hətta strateji obyektlərin vurulması, Körfəz ölkələrində yerləşən Amerika bazalarının, hava limanlarının yaxınlığında dağıntıların olması və dron hücumları avtomatik olaraq turizmdə risk faktoru yaradıb. Bu risk həm həmin ölkələrdən Azərbaycana gəlməyi, həm də azərbaycanlıların həmin ölkələrə getməsini əlverişsiz hala gətirib.

İlk növbədə, hava məkanının bağlanması səbəbindən İran üzərindən həyata keçirilən və normalda təxminən 3 saat davam edən uçuşların müddəti 7-7,5 saata qədər uzanırdı. Bu da həmin istiqamətlərə səfərlər üçün əlverişli şərait yaratmırdı. Baxmayaraq ki, həmin dövrlərdə Dubayda və bir çox Körfəz ölkələrində hotellərin doluluğu dəfələrlə aşağı düşmüşdü, buna baxmayaraq, əvvəlki dövrlə müqayisədə azərbaycanlıların Körfəz ölkələrinə səfərlərinin sayı iki dəfədən çox azalmış oldu. Əlbəttə ki, burada əsas faktor risklə bağlıdır. Müharibənin yaratdığı təhlükəsizlik məsələləri insanların səyahət qərarlarına birbaşa təsir göstərib”.

Ekspert qeyd edib ki, buna baxmayaraq, həmin ölkələrdə turizmin bərpası istiqamətində işlər görülüb və müəyyən müddətdən sonra turizm yenidən bərpa olunub: “Amma Azərbaycan bazarından Körfəz ölkələrinə, eləcə də Körfəz ölkələrindən Azərbaycana turist axını əvvəlki səviyyədə bərpa olunmadı. Bununla yanaşı, alternativ bazarlardan və digər istiqamətlərdən daha rahat və əlverişli uçuş imkanları olan regionlardan Körfəz ölkələrinə gedənlərin sayında müəyyən artım müşahidə olundu.

Qeyd etdiyim kimi, azərbaycanlı turistlərin müharibə gedən istiqamətlərə getməkdən çəkinməsi tamamilə normaldır. Dünyada turizm çox həssas sahədir və hər hansı risk yarandıqda insanların ilk dayandırdığı və ya təxirə saldığı fəaliyyətlərdən biri səyahət olur. Biz bunu pandemiya dövründə də gördük. Ona görə də hər hansı təhlükənin yaranması, hətta mediada hər hansı məlumatın yayılması belə insanların müəyyən istiqamətlərə səyahət etməkdən çəkinməsinə səbəb ola bilər. Bu tendensiyanın böyük ehtimalla İran-İsrail müharibəsinin davam etdiyi müddətdə və təhlükəsizliyin tam şəkildə bərpa olunduğuna əminlik yaranana qədər davam edəcəyini düşünürəm. Hesab edirəm ki, bunun üçün müəyyən qədər zaman tələb olunacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki