Ölkənin iri şəhərlərində, xüsusilə Bakı və Sumqayıtda aparılan abadlıq və yenilənmə işləri çərçivəsində əsas küçə və prospektlərə baxan köhnə binaların fasadları, o cümlədən balkonları təmir edilir. Lakin binaların məhəllə daxilinə və həyətlərə baxan hissələrində vəziyyət heç də eyni deyil. Bir çox binalarda balkonlar illərdir baxımsız vəziyyətdə qalır, bəzi hallarda isə mənzil sahibləri onları şəxsi təşəbbüsləri hesabına təmir etdirirlər. Bu isə eyni binada müxtəlif rəng və formada balkonların yaranmasına, nəticədə binanın vahid memarlıq görünüşünün pozulmasına səbəb olur.
Bəs çoxmənzilli binalarda balkonların təmiri kimin öhdəliyindədir? Balkon mənzil sahibinin şəxsi əmlakı sayılır, yoxsa binanın ümumi konstruksiyasının bir hissəsi hesab olunur?
Məsələ ilə bağlı Referans Media-ya açıqlama verən hüquqşünas Elşad İsayev bildirib ki, balkonun mənzil sahibinin istifadəsində olması onun avtomatik olaraq şəxsi əmlak hesab edilməsi anlamına gəlmir.
Hüquqşünasın sözlərinə görə, burada balkonun hansı hissəsindən söhbət getdiyini və onun konstruktiv statusunu müəyyənləşdirmək vacibdir.
“Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyaları binanın ümumi əmlakına aid edilir. Bu ümumi əmlak bütün mənzil və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur.
Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə görə, çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərcləri, ümumi qayda olaraq, binadakı sahələrin mülkiyyətçilərinin hesabına ödənilir. Məcəllənin 140.1 və 140.2-ci maddələri də mülkiyyətçilərin ümumi əmlakın saxlanması və əsaslı təmiri xərclərində iştirak etməli olduğunu müəyyən edir”, - deyə E.İsayev qeyd edib.
O bildirib ki, balkonun mənzil sahibinin istifadə etdiyi hissə olması onun binanın ümumi konstruksiyasından avtomatik ayrılması demək deyil.
“Əgər söhbət binanın konstruktiv və ümumi fasad elementindən gedirsə, bu məsələ fərdi mənzil mülkiyyəti kimi deyil, çoxmənzilli binanın ümumi əmlakı kimi qiymətləndirilməlidir. Buna görə də əsas sual balkonun kimə məxsus olmasından daha çox, onun konstruktiv baxımdan hansı statusda olmasındadır”, - hüquqşünas vurğulayıb.
Məsələ xüsusilə şəhərlərdə aparılan abadlıq işləri fonunda aktuallaşır. Belə ki, əsas prospekt və küçələrə baxan binaların fasad və balkonlarının dövlət və ya aidiyyəti qurumların həyata keçirdiyi layihələr çərçivəsində yenilənməsi fonunda eyni binaların həyətə baxan hissələrinin baxımsız qalması suallar doğurur.
Bu baxımdan, şəhərin ümumi memarlıq görünüşünün qorunması ilə yanaşı, çoxmənzilli binaların ümumi əmlakının saxlanması və təmirinə dair qanunvericilikdə nəzərdə tutulan mexanizmlərin bütün hissələr üçün necə tətbiq olunması məsələsi də diqqət çəkir.
Nəticə etibarilə, balkonun təmiri məsələsinə yalnız mənzil sahibinin şəxsi məsuliyyəti kimi yanaşmaq düzgün olmaya bilər. Əgər balkon binanın daşıyıcı və ya digər ümumi konstruktiv elementinin tərkib hissəsidirsə, onun hüquqi statusu çoxmənzilli binanın ümumi əmlakı çərçivəsində qiymətləndirilməlidir. Bu isə həm təmir xərclərinin, həm də həmin işlərin kimin tərəfindən və hansı qaydada həyata keçirilməsinin qanunvericilik əsasında müəyyənləşdirilməsini tələb edir.
Sima Babayeva
