Əhaliyə maaşlarla bağlı SON DƏQİQƏ xəbəri verildi: Yanvarın 1-dən...

2027-ci il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisi dərəcələrinin dəyişdirilməsi əməkhaqqı alan vətəndaşların gəlirlərinə təsir göstərə bilər. Vergi yükünün mərhələli şəkildə artırılmasının işçilərin gəlirlərinə və işəgötürənlərin xərclərinə mümkün təsirləri də müzakirə olunur.

Referans Media-ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanda 7 il ərzində əməkhaqqından gəlir vergisi tutulmayıb. Onun sözlərinə görə, verginin 2026-cı ildən yenidən tətbiqi nəzərdə tutulsa da, bu proses tam deyil, mərhələli şəkildə həyata keçirilib.

Ekspertin sözlərinə görə, 7 il əvvəl tətbiq edilən vergi güzəştinin əsas məqsədlərindən biri əməkhaqlarının rəsmiləşdirilməsi və gəlirlərin tam göstərilməsini təmin etmək olub. O hesab edir ki, həmin dövrdə də gələcəkdə verginin yenidən artırılmasının nəzərdə tutulduğu məlum idi.

Ə.Həsənov hesab edir ki, hazırkı iqtisadi şəraitdə gəlir vergisinin artırılması vaxtında atılmış addım deyil. Onun fikrincə, əməkhaqqından daha çox vergi tutulması iki nəticədən birinə səbəb ola bilər: ya işçinin əldə etdiyi gəlir azalacaq, ya da işəgötürən həmin vergi yükünü kompensasiya etmək üçün əməkhaqqını artırmalı olacaq.

“İşçinin maaşından artıq vergi tutulursa, burada iki şeydən biri baş verir. İşçi az qazanacaq, çünki maaşından daha çox vergi çıxacaq. Bu da insanların gəlirlərinin azalmasını daha da kəskinləşdirəcək, borcları arta bilər. Ya da işəgötürən məcburdur ki, maaşı artırsın ki, həmin vergini öz üzərinə götürsün. Amma sahibkarda belə imkan yoxdur”, – deyə ekspert bildirib.

Ə.Həsənovun fikrincə, gəlir vergisinin artırılması sahibkarlara və vətəndaşların sosial vəziyyətinə əlavə yük yarada bilər. O, əksinə, vergilərin azaldılmasının sahibkarlığın inkişafına və insanların gəlirlərinin artmasına şərait yarada biləcəyini düşünür.

Ekspert büdcə gəlirlərinin artırılması üçün alternativ olaraq yüksək gəlirli və dəbdəbəli daşınmaz əmlaklara, eləcə də bahalı avtomobillərə daha yüksək vergi tətbiq edilməsini təklif edib.

“Varlı, zəngin, dəbdəbəli daşınmaz əmlaklara yüksək vergi tətbiq etsinlər. Bahalı avtomobillərə yüksək vergi tətbiq etsinlər, oradan tutsunlar. Amma insanların maaşından yox”, – deyə Ə.Həsənov əlavə edib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki