Azərbaycan İranın qonşuluq siyasətində xüsusi yer tutur.
Referans Media APA-ya istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə bildirib.
İran Prezidentinin rəsmi informasiya portalının məlumatına görə, Pezeşkian iki ölkə arasında münasibətlərin inkişaf dinamikasına toxunaraq, Tehran və Bakı arasında əlaqələrin daha da dərinləşdirilməsi və genişləndirilməsi üçün mövcud imkanlardan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb.
“Biz bir-birimizlə qohum və qardaşıq. Mövcud imkanlardan və qonşuluq üstünlüyündən istifadə edərək iki ölkə arasında münasibətləri və əlaqələri daha da genişləndirməliyik”, – deyə İran Prezidenti bildirib.
Pezeşkian qeyd edib ki, Azərbaycan və İran arasında elmi, mədəni, iqtisadi, siyasi və təhlükəsizlik sahələrində geniş əlaqələr mövcuddur və onların daha da möhkəmləndirilməsi üçün birgə səylər tələb olunur.
İran Prezidenti ümumi sərhədin iki ölkə arasında münasibətlərin inkişafına maneə deyil, əməkdaşlığın genişləndirilməsi üçün imkan yaratmalı olduğunu vurğulayıb.
Pezeşkian Şahin Mustafayevin səfəri çərçivəsində İranın yol və şəhərsalma, eləcə də energetika nazirləri ilə keçirilən görüşlərdə əldə olunan razılaşmalardan məmnunluğunu ifadə edib və onların icrasının sürətləndirilməsinin vacibliyini qeyd edib.
“Ümid edirik ki, əldə olunan anlaşmalar tərəflərin ciddi diqqəti və səyləri ilə mümkün qədər tez icra mərhələsinə keçəcək”, – deyə o bildirib.
Pezeşkian nəqliyyat və kommunikasiya marşrutlarının inkişafını iki ölkə və xalq arasında əlaqələrin əsas vasitələrindən biri adlandırıb. Onun sözlərinə görə, İran və Azərbaycan arasında avtomobil, hava və dəmir yolu əlaqələri daha da inkişaf etdirilməlidir.
Görüşdə Şahin Mustafayev də Azərbaycanın İranla münasibətləri daha da inkişaf etdirmək əzmində olduğunu bildirib. O, əldə olunan razılaşmaların icrasının izlənilməsinin, həmçinin nəqliyyat və kommunikasiya marşrutlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
