Məmurlar üçün yeni qaydalar gəlir: Dövlət Qulluğu Məcəlləsində nə dəyişəcək? – deputatdan açıqlama

Sabah, 30 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçiriləcək.

Referans Media Milli Məclisə istinadən xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ daxildir. Deputatlar ilk olaraq 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını müzakirə və qəbul edəcəklər. Həmçinin, ənənəyə uyğun şəkildə Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında layihə də müzakirəyə çıxarılaraq təqsdiqlənəcək. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu II səsverməyə çıxarılacaq. İclasda “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunacaq ki, bu layihə kifayət qədər maraq doğurur.
Məlumatlara görə, yeni Məcəllədə dövlət qulluqçularının əməkhaqqı məsələsi, rotasiyası, pensiya təminatı, işdən azad edilməsi və məsuliyyəti ilə bağlı dəyişikliklər əksini tapır.

CROSSMEDIA - Millət vəkili Azay Quliyev Vyanaya səfər edəcək

 Mövzu ilə əlaqədar deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev Musavat.com-a bunları bildirdi:

“Bildiyiniz kimi,  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi dövlət qulluğu münasibətlərini kompleks şəkildə tənzimləyən “Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi” layihəsini müzakirə edərək Plenar iclasın gündəliyinə daxil edilməsini tövsiyə edib. Məcəllə kifayət qədərə əhatəlidir - 5 bölmədən, 15 fəsildən və  94 maddədən ibarətdir.  Hazırlanmış layihə dövlət qulluğu sahəsində münasibətlərin ayrı-ayrı qanunlar və normativ hüquqi aktlar üzrə tənzimlənməsindən vahid, sistemli və müasir hüquqi çərçivəyə keçidi nəzərdə tutur. Başqa sözlə, məqsəd sadəcə mövcud normaları bir sənəddə toplamaq deyil. Məqsəd onların qarşılıqlı əlaqəsini təmin etmək, hüquqi boşluqları və ziddiyyətləri aradan qaldırmaq, dövlət qulluqçusunun hüquqi statusunu daha aydın müəyyənləşdirmək və dövlət qulluğunun idarə edilməsinə müasir və şəffaf yanaşmaları qanunvericilik səviyyəsində genişləndirməkdir.  Bu baxımdan layihəni yalnız növbəti qanunvericilik təşəbbüsü kimi deyil, Azərbaycanın dövlət qulluğu sisteminin hüquqi bazasının yenidən və kompleks şəkildə qurulmasına xidmət edən mühüm institusional islahat  kimi də qiymətləndirmək olar”.

A.Quliyev layihənin üstünlüklərindən bəhs etdi: “Məcəllənin əsas üstünlüyü ondan ibarətdir ki, burada dövlət qulluğunun ümumi normaları, dövlət qulluqçusunun qulluğa qəbulundan başlayaraq, qulluq münasibətlərinin davam etdirilməsi, yəni, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatı, dövlət qulluqçusunun statusu, müsabiqə və müsahibə mexanizmləri, qulluq stajı və ixtisas dərəcələri, əmək haqları, rotasiya, andiçmə və digər mühüm məsələlər ardıcıl şəkildə tənzimlənir. Layihənin ilk hissələrində dövlət qulluğunun prinsipləri, dövlət orqanlarında inzibati və yardımçı vəzifələr ayrıca müəyyən edilir. Məcəllə layihəsində həmçinin dövlət qulluğunda karyera inkişafının daha sistemli, obyektiv və şəffaf mexanizmlərlə həyata keçirilməsi üçün hüquqi mexanizmlər nəzərdə tutulur. Bu, dövlət qulluğunda peşəkarlıq və karyera inkişafının institusional əsaslarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Deputat qeyd etdi ki, Məcəllənin üstünlüklərindən biri də dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi, qanunsuz tapşırıqların icrasından imtina edilməsi, neqativ hallarla bağlı müraciətlərin verilmə və baxılma qaydası üçün  ayrıca normaların yaradılmasıdır: "Bu, dövlət qulluğunda yalnız vəzifənin tutulmasına deyil, vəzifənin necə icra edilməsinə, nəticələrə, peşəkarlığa və məsuliyyətə daha çox diqqət yetirilməsi baxımından xüsusi önəm kəsb edir. Eyni zamanda layihədə dövlət qulluqçusunun hüquqları, vəzifələri, məhdudiyyətləri, intizam məsuliyyəti və qulluğa xitam məsələləri də sistemli şəkildə tənzimlənir.  Əminəm  ki, Milli Məclis Məcəllə layihəsini ətraflı müzakirə edib, çox vaxt keçmədən qəbul edəcək".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki