Süni intellektin təhsil sistemində geniş istifadəsi şagird və tələbələrin düşünmə, araşdırma və müstəqil öyrənmə bacarıqlarına necə təsir edə bilər? Xüsusilə tapşırıqların hazırlanması, məlumatların axtarılması və cavabların əldə edilməsində AI-dan həddindən artıq istifadə onların hazır məlumatı qəbul etməsinə və analitik düşünmə qabiliyyətinin zəifləməsinə səbəb ola bilərmi? Digər tərəfdən, süni intellektdən düzgün və məqsədyönlü istifadə təhsil prosesinin keyfiyyətini və öyrənmə imkanlarını necə artıra bilər?
Referans Media-ya açıqlama verən baş süni intellekt mühəndisi Natiq Məmişov bildirib ki, süni intellektin təhsildə geniş istifadəsi həm ciddi imkanlar yaradır, həm də düzgün idarə olunmadıqda şagird və tələbələrin müstəqil düşünmə bacarıqlarına mənfi təsir göstərə bilər.
Onun sözlərinə görə, əsas məsələ süni intellektdən istifadə edib-etməmək deyil, ondan öyrənməni əvəz edən, yoxsa öyrənməni gücləndirən vasitə kimi istifadə edilməsidir:
“Əgər tələbə sualı oxuyub süni intellektdən hazır cavabı götürür və yoxlamadan təqdim edirsə, öyrənmə prosesinin hamısı aradan qalxır. Tələbə öz problemini formalaşdırmır, müxtəlif fikirləri müqayisə etmir, arqument qurmur və nəticəyə gəlmir.
Məsələn, tələbəyə qrafik verildikdə ənənəvi yanaşmada o, araşdırmalı, statistik məlumatları toplamalı, mənbələri müqayisə etməli və öz nəticəsini əsaslandırmalıdır. Süni intellektdən hazır cavab götürdükdə isə bunların heç biri baş vermir.
Əslində, burada müəyyən zehni fəaliyyətin texnologiyaya ötürülməsi baş verir. Süni intellekt, belə deyək, kalkulyatorun daha üst səviyyə versiyasıdır. Problem texnologiyadan istifadə etmək deyil, hansı işi texnologiyaya ötürməyin, hansı işi isə öz üzərində yerinə yetirməyin vacib olduğunu ayırd edə bilməməkdir.
Ona görə də qiymətləndirmə sistemi də dəyişməlidir. Sadəcə yekun nəticə deyil, tələbənin istifadə etdiyi mənbələr, AI-ya verdiyi sorğular, məlumatı necə yoxladığı, səhvləri necə müəyyənləşdirdiyi və nəticəyə necə gəldiyi qiymətləndirilməlidir. Yazılı tapşırığın qısa şifahi müdafiə ilə tamamlanması da tələbənin təqdim etdiyi fikri anlayıb-anlamadığını müəyyənləşdirməyə kömək edə bilər.
Nəticə etibarilə, süni intellekt təhsildə paradoksal təsirə malikdir. Səhv istifadə ediləndə düşünmək ehtiyacını azaldır, düzgün istifadə ediləndə isə düşünmə səviyyəsini yüksəldir.
Əsas yanaşma belə olmalıdır: əvvəl düşün, araşdır, sonra süni intellektdən istifadə et və sonda onun verdiyi məlumatı yoxla”.
Gülnaz Abdullazadə
