Rusiya Prezidenti Vladimir Putin Kalininqrad da daxil olmaqla ölkə ərazisinə birbaşa hücum ediləcəyi təqdirdə Moskvanın sərt cavab verəcəyini bildirib.
Putin Avropaya da mesaj göndərərək Rusiyanın 2029, 2030 və ya 2050-ci illərdə Avropa ölkələrinə hücum etmək niyyətində olmadığını, lakin Rusiyaya qarşı hər hansı hücum olacağı təqdirdə cavab veriləcəyini deyib.
Putin Moskvada keçirilən Valday Beynəlxalq Diskussiya Klubunun illik toplantısında Rusiya ilə Avropa arasında artan gərginlik və Ukraynadakı müharibə ilə bağlı açıqlamalar verib. Rusiya Xarici İşlər Nazirliyinin Kalininqradla bağlı bəzi ölkələrə göndərdiyi məktublara toxunan Putin Moskvanın mesajlarının hədə-qorxu olmadığını bildirib. Rusiya liderinin sözlərinə görə, Kalininqrad və ya Rusiyanın digər ərazilərinə birbaşa hücum edilərsə, ölkənin malik olduğu bütün silahların istifadəsi məsələsi dərhal gündəmə gələcək. Putin mümkün cavabın hansı vasitələrlə veriləcəyinin konkret şəraitdən asılı olaraq müəyyənləşdiriləcəyini və Rusiyanın özünü müdafiə etmək üçün malik olduğu hərbi imkanlardan istifadə edəcəyini vurğulayıb.
Avropada Rusiya ilə mümkün müharibə ilə bağlı 2029 və 2030-cu illərin gündəmə gətirilməsinə də münasibət bildirən Putin Moskvanın Avropa ölkələrinə hücum planının olmadığını deyib. “2029-cu ildə də, 2030-cu ildə də, 2050-ci ildə də heç kimə hücum etməyi planlaşdırmırıq. Lakin hücumla qarşılaşsaq, cavab verməyə məcbur olacağıq”, - Putin bildirib. Rusiya lideri Baltik dənizində keçirilən hərbi təlimlərə və Rusiya gəmilərinə qarşı həyata keçirilən bəzi addımlara da münasibət bildirərək Avropadakı bir sıra rəhbərləri gərginliyi artırmaqda ittiham edib.
Putin mümkün qarşıdurma zamanı Rusiyanın hərbi və texnoloji imkanlarından istifadə edəcəyini bildirib. Rusiya lideri ölkəsinin malik olduğu silahların digər ölkələrdə olmadığını iddia edərək bunun Rusiyanın üstünlüklərindən biri olduğunu söyləyib. Putin açıqlamalarının “nüvə təhdidi” kimi qiymətləndirilə biləcəyini də qeyd edib. O bildirib ki, Rusiya XİN-in mesajlarında konkret olaraq nüvə silahlarından istifadə deyil, ölkənin malik olduğu “bütün güc və vasitələrdən” istifadə məsələsindən bəhs edilir.
Kalininqrad niyə strateji əhəmiyyət daşıyır?
Baltik dənizinin sahilində yerləşən Kalininqrad Polşa ilə Litva arasında yerləşir və Rusiyanın əsas ərazisi ilə birbaşa quru sərhədinə malik deyil. Əvvəllər Königsberg adlanan ərazi Almaniyanın Şərqi Prussiya bölgəsinin tərkibində olub. İkinci Dünya müharibəsindən sonra bölgə Sovet İttifaqının nəzarətinə keçib və sonradan Kalininqrad adlandırılıb. Sovet İttifaqı dövründə Litvanın da SSRİ-nin tərkibində olması səbəbindən Kalininqradın coğrafi mövqeyi indiki kimi problem yaratmırdı. Lakin 1991-ci ildə Sovet İttifaqının dağılması və Litvanın müstəqillik əldə etməsi ilə Kalininqrad Rusiyanın əsas ərazisindən ayrı vəziyyətə düşüb. Litva və Polşanın 2004-cü ildə NATO və Avropa İttifaqına üzv olması isə Kalininqradın strateji və geosiyasi əhəmiyyətini daha da artırıb.
Bu gün Kalininqrad Rusiyanın Avropadakı əsas strateji və hərbi məntəqələrindən biri hesab olunur.
