YAP qurultayında yeni dövrün siyasi xəritəsi çəkildi: İlham Əliyev hansı mesajları verdi?

Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biri baş verdi. Hakim Yeni Azərbaycan Partiyasının sayca VIII qurultayı keçirildi. Prezident İlham Əliyevin çıxışı təkcə partiyanın qarşıdakı fəaliyyətinə deyil, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı Azərbaycanın artıq yeni reallıqlar mərhələsinə daxil olduğunu, əldə edilən Zəfərin və tam suverenliyin qorunmasının əsas prioritetlərdən olduğunu vurğuladı. Eyni zamanda, müstəqil xarici siyasət, heç bir xarici təsirə yol verməmək və ölkənin hərbi gücünü daim artırmaq məsələləri xüsusi ön plana çıxdı.

Prezidentin Ermənistanla bağlı mesajları da diqqət çəkdi. Keçmişin unudulmaması, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların və Azərbaycan xalqına yönəlmiş təhqiramiz yanaşmaların yaddaşda saxlanılması fikri səsləndirildi.

Ölkə başçısının bu mesajları Azərbaycanın qarşıdakı mərhələdə siyasətinə necə təsir edəcək? Azərbaycanın hərbi və siyasi gücünün artırılması istiqamətində hansı yeni addımlar gözlənilir?

behruz.jpg (219 KB)

Referans Media qeyd edir ki, Milli Məclisin bitərəf təmsilçilərindən olan Bəhruz Məhərrəmov Musavat.com-a bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatlar ölkənin daxili, xarici və təhlükəsizlik siyasətində keyfiyyətcə yeni bir dövrün strateji yol xəritəsini müəyyən edir:

“Suverenliyin tam təmin olunduğu yeni siyasi reallıqda keçirilən bu qurultay, Azərbaycan dövlətinin institusional, ideoloji və geosiyasi prioritellərinin köklü transformasiyasını əks etdirmiş oldu. Siyasi və hüquqi baxımdan çıxışın mərkəzi oxunu müstəqil dövlətçilik konsepsiyasının və milli suverenliyin toxunulmazlığı təşkil edir. Xarici siyasətin heç bir kənar müdaxiləyə və ya himayədarlığa ehtiyac olmadan idarə olunması prinsiplərinin bəyan edilməsi, Azərbaycanın regional güc mərkəzi kimi öz təhlükəsizlik arxitekturasını müstəqil diktə etmək iradəsini nümayiş etdirir. Bu yanaşma ideoloji məkanın da yad təsirlərdən tam təmizlənməsi, formal şablonlardan imtina edilərək müasir çağırışlara cavab verən dövlətçilik mexanizmlərinin qurulması tələbi ilə tamamlanır. Beləliklə, hüquqi müstəvidə kənar siyasi-ideoloji təzyiq alətləri sıfırlanır, dövlətin daxili suverenliyi ideoloji xətt üzrə daha da möhkəmləndirilir”.

Deputatın sözlərinə görə, geoiqtisadi və hüquqi aspektdən Azərbaycanın enerji təhlükəsizliyindəki rolu milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir:

“Həm ənənəvi, həm də “yaşıl” enerji resurslarının istehsalçısı və ixracatçısı kimi ölkənin beynəlxalq arenadakı çəkisi onun geosiyasi mövqeyini daha da gücləndirir. Bu faktor, Azərbaycanın beynəlxalq hüququn subyekti kimi yalnız regional deyil, qlobal miqyasda strateji qərarların qəbulunda rolunu artıran mühüm təminata çevrilir. Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda 96 min insanın yaşaması, çalışması və təhsil alması, eləcə də 48 yaşayış məntəqəsində məskunlaşmanın təmin olunması faktı prosesin artıq hüquqi-inzibati bərpa mərhələsindən tam sosial-iqtisadi inteqrasiya mərhələsinə keçdiyini göstərir. Baza infrastrukturunun böyük ölçüdə yekunlaşması dövlətin diqqətini demoqrafik dayanıqlılıq, məşğulluq və rəqəmsal idarəetmə ekosisteminin qurulmasına yönəltməyə imkan verir. Yekun olaraq, qurultayda nümayiş etdirilən analitik xətt göstərir ki, Azərbaycan dövlətçiliyi hərbi-siyasi qələbələrin hüquqi və ideoloji bazasını tamlaşdıraraq, xarici təsirlərdən azad, güclü insan kapitalına və müstəqil iqtisadi potensiala söykənən yeni inkişaf modelinin praktiki icrasını həyata keçirir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki