image-manat-pul-ehalibackend

Azərbaycan əhalisinin DİQQƏTİNƏ: Hər kəsə gələn o bildiriş nədir?

Son günlər kirayə mənzillərdən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı tətbiq edilən yeniliklər – vergi dərəcəsinin azaldılması və vətəndaşlara SMS bildirişlərinin göndərilməsi – geniş müzakirə olunur.

Mövzunun kölgə iqtisadiyyatına təsiri və mövcud problemlər barədə Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli məsələyə münasibət bildirib.

İqtisadçı qeyd edib ki, vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi və SMS-lə maarifləndirmə düzgün addım olsa da, bu, təkbaşına kölgə iqtisadiyyatını aradan qaldırmayacaq. Onun sözlərinə görə, 10 faizlik vergi psixoloji həddi aşağı salır: əvvəllər 1000 manatlıq kirayədən 140 manat vergi tutulurdusa, indi bu məbləğ 100 manatdır. Fərq böyük olmasa da, bu addım “dövlət güzəşt edir” mesajı verir. SMS bildirişlər isə vətəndaşlara “biz sizin kirayə verdiyinizi bilirik” siqnalı ötürərək könüllü bəyanetməyə təşviq edir. Qısa müddətdə bəzi ev sahiblərinin qeydiyyata düşəcəyi və büdcə daxilolmalarının müəyyən qədər artacağı gözlənilir.

Bununla belə, ekspert vurğulayıb ki, əsas problem vergi dərəcəsində deyil, sistemdədir. Birincisi, kirayə müqavilələrinin böyük hissəsi hələ də şifahi bağlanır. Notarius təsdiqi, depozitin rəsmiləşdirilməsi və kommunal borcların bölüşdürülməsi mexanizmləri zəifdir. Ev sahibləri çox vaxt vergidən yayınmaq üçün deyil, müqavilə bağlama prosesinin əlavə çətinlik yaratdığı üçün qeyri-rəsmi fəaliyyətə üstünlük verir.

İkincisi, nəzarət mexanizmi tam effektiv işləmir. Dövlət Vergi Xidməti bütün kirayə bazarını tam şəkildə monitorinq edə bilmir və əsasən şikayətlər və ya bank köçürmələri şübhə doğurduqda müdaxilə edir. Nağd ödənişlər isə demək olar ki, sistemdən kənarda qalır.

Üçüncüsü, cərimələr sərtləşdirilsə də, tutulma riski aşağı olaraq qalır. Bu da bəzi şəxslərin riskə gedərək qeyri-rəsmi fəaliyyətini davam etdirməsinə şərait yaradır.

Ekspert həmçinin sənədsiz evlər probleminə də diqqət çəkib. Çıxarışı olmayan və tikintisi qanuniləşdirilməmiş mənzillərin rəsmi şəkildə kirayəyə verilməsi mümkün deyil. Belə obyektlərin sayının həm Bakıda, həm də regionlarda çox olması bazarın əhəmiyyətli hissəsinin “kölgə”də qalmasına səbəb olur.

Akif Nəsirlinin fikrincə, kirayə bazarında real şəffaflığa nail olmaq üçün vergi dərəcəsinin azaldılması ilə yanaşı struktur islahatlara ehtiyac var. Bu çərçivədə kirayə müqavilələrinin elektron sistem üzərindən sadə və pulsuz qeydiyyatı təmin olunmalı, ASAN xidmət və ya e-taxes.az platforması vasitəsilə qısa müddətdə rəsmiləşdirmə imkanı yaradılmalıdır.

Bundan əlavə, bank köçürmələri ilə ödənişlər stimullaşdırılmalı, məsələn, bu üsuldan istifadə edənlər üçün vergi güzəştləri tətbiq olunmalıdır. Sənədsiz evlərin leqallaşdırılması üçün sadələşdirilmiş mexanizmlər və ya amnistiya tətbiq edilməli, əmlak və vergi bazaları tam inteqrasiya olunmalıdır ki, daşınmaz əmlakın istifadəsi barədə məlumatlar avtomatik şəkildə izlənə bilsin.

Nəticə etibarilə, iqtisadçı hesab edir ki, 10 faizlik vergi və SMS bildirişləri ilkin mərhələ üçün müsbət addımdır və müəyyən nəticələr verəcək. Lakin kirayə bazarının tam şəffaflaşdırılması üçün müqavilə, ödəniş, sənədləşmə və nəzarət mexanizmlərinin kompleks şəkildə rəqəmsallaşdırılması və sadələşdirilməsi vacibdir. Əks halda, yalnız vergi dərəcəsinin azaldılması ilə kölgə iqtisadiyyatının səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salmaq mümkün olmayacaq.

 

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki