Ağcabədi rayonunun Köyük kəndində fermerlərə məxsus əkin sahələrinin uzun müddətdir suvarma suyundan məhrum qaldığı bildirilir. Sakinlərin iddiasına görə, bu vəziyyət məhsuldarlığa mənfi təsir göstərərək onlara maddi ziyan vurub.
Məsələ ilə bağlı açıqlama verən Köyük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Quliyev problemin mövcud olduğunu təsdiqləyib. O bildirib ki, söhbət 45 deyil, təxminən 42 hektar əkin sahəsindən gedir.
Onun sözlərinə görə, vətəndaşa məxsus buğda və pambıq sahələri su ilə təmin edilsə də, 25-30 hektarlıq yonca sahəsinə su çatdırmaq mümkün olmayıb. Buna səbəb isə həmin təsərrüfata aid artezian quyusunun nasosunun ötən ilin 16 dekabr tarixindən sıradan çıxmasıdır.
Azər Quliyev əlavə edib ki, məsələ rayon icra hakimiyyətində keçirilən iclasda müzakirə olunub və yaxın 10 gün ərzində nasosların yeniləri ilə əvəzlənməsi planlaşdırılır.
