Azərbaycanda uşaq əməyinin istismarı hallarına qarşı nə kimi tədbirlər həyata keçirilir?

Son məlumatlara görə, dünyada 5-17 yaşarası işləyən uşaqların sayı 160 milyon (63 milyon qız və 97 milyon oğlan) təşkil edir. Sub-Sahara Afrikası 26 faizlə uşaq əməyinin ən böyük nisbətinə malikdir, Latın Amerikası və Karib hövzəsində isə uşaqların 7 faizi potensial zərərli işlərdə çalışır. Ən az inkişaf etmiş ölkələrdə 5-17 yaş arasında olan hər 4 uşaqdan 1-dən çoxu sağlamlığı və inkişafı üçün zərərli hesab edilən işlərdə fəaliyyət göstərir. Dünya ölkələrinin əhalisinin sayını nəzərə alsaq, 160 milyona yaxın uşaq işçilərin sayı 8 ölkə istisna olmaqla, bütün ölkələrin əhalisindən daha çoxdur.

Uşaq əməyinə qarşı mübarizə problemləri ilə əlaqədar məlumatlılığın artırılması və ictimaiyyətin səfərbərliyi məqsədilə hər il iyunun 12-də hökumət və ictimai təşkilatlar tərəfindən müxtəlif kütləvi tədbirlər keçirilir, rəsm sərgiləri, sayt təqdimatları, idman yarışları, uşaq bayramları, tamaşalar, informasiya kampaniyaları təşkil olunur.

BMT-nin Davamlı İnkişaf Məqsədlərinin hədəfləri sırasında 2025-ci ilə qədər uşaq əməyinin bütün formalarının ləğv edilməsi də xüsusi yer alır.Bəs Azərbaycanda uşaq əməyinin istismarı hallarına qarşı nə kimi tədbirlər həyata keçirilir? Uşaqların müdafiəsi və hüquqlarının qorunması istiqamətində nə kimi işlər görülür?

Mövzu ilə bağlı Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Referans-a açıqlamasında bildirib ki, Azərbaycanda uşaq əməyinin istismarı hallarının qarşısının alınması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkəmizdə bu sahədə əsaslı hüquqi baza formalaşdırılmış, effektiv profilaktik və müdafiə mexanizmləri tətbiq olunmaqdadır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Qeyd olunan hal ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.8-ci və 192.9-cu maddələrinə əsasən inzibati məsuliyyət nəzərdə tutulmuşdur.

Həmin Məcəllənin 46 -cı maddəsinə müvafiq olaraq əmək müqaviləsi yalnız on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. Eyni zamanda, on beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 58 nömrəli qərarı ilə “Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı” təsdiq edilmişdir ki, bu iş yerlərində yaşı 18-dən az olan uşaqların işləməsinə yol verilmir.

​Qeyd olunan məqamlar Azərbaycan Respublikası Konstitusiyası, “Uşaq hüquqları haqqında” Qanunda da öz təsbitini tapmışdır.

Respublikada işçilərlə əmək müqavilələrinin bağlanılması prosesinə ciddi nəzarət mexanizmləri həyata keçirilir. Bu məqsədlə 2014-cü ildən başlayaraq əmək müqavilələrinin elektron qeydiyyatı üçün “Əmək və Məşğulluq” altsistemi tətbiq olunur. Sistemin ən ümdə üstünlüyü ondan ibarətdir ki, bu sistem vasitəsilə 15-18 yaşda uşaqların çalışdığı iş yerlərini müəyyənləşdirmək və həmin iş yerində əmək qanunvericiliyinə qaydalarına riayət olunmasına dövlət nəzarətini aparmaq mümkündür. Uşaq əməyinin istismarı hallarının qarşısının alınması ilə bağlı Dövlət Komitəsi eləcə də aidiyyəti qurumlar tərəfindən şəhər və rayonlarda mütəmadi olaraq maarifləndirmə işləri aparılır, təlimlər, görüşlər təşkil olunur.

Uşaqların məcburi əməyə cəlb edilməsinin qarşısının alınması məqsədilə ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər həyata keçirilir. Paralel olaraq sosial xidmət mütəxəssisləri tərəfindən risk qrupuna daxil olan ailələrlə fərdi sosial iş aparılır, uşaqların təhsil prosesinə reinteqrasiyasını təmin etmək məqsədilə fərdi dəstək proqramları hazırlanır və icra olunur. Bununla yanaşı, sosial risk altında olan ailələr üçün ünvanlı dövlət sosial yardımı proqramları, sosial xidmətlər, psixoloji və reabilitasiya dəstəyi tədbirləri həyata keçirilir. Qeyd olunan mexanizmlər uşaqların məhz maddi çətinliklər səbəbindən əmək fəaliyyətinə cəlb edilməsi riskinin azaldılmasına mühüm töhfə verir. Hər il iyunun 12-də qeyd olunan Uşaq Əməyi ilə Mübarizə üzrə Beynəlxalq Gün çərçivəsində ölkə üzrə maarifləndirici kampaniyalar, seminarlar, sərgilər, sosial videoçarxlar və digər ictimai tədbirlər həyata keçirilir. Bu fəaliyyətlərin əsas məqsədi cəmiyyətin diqqətini uşaq əməyinin qarşısının alınması probleminə yönəltmək, valideynləri, təhsil işçilərini və geniş ictimaiyyəti mövcud risklər, qanunvericilik tələbləri və tətbiq edilən müdafiə mexanizmləri barədə məlumatlandırmaqdır.

“Nəticə etibarilə, Azərbaycanda uşaq əməyinin istismarı ilə mübarizə sahəsində həyata keçirilən qanunvericilik tədbirləri, sosial dəstək proqramları və maarifləndirici fəaliyyətlər kompleks və sistemli yanaşmanı təmin edir, uşaqların hüquq və qanuni mənafelərinin müdafiəsini isə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi daha da möhkəmləndirilməkdədir”, – deyə ekspert qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki