Bakı şəhərində əsas küçələrdən biri təhlükə saçır. Həmin küçədən keçən insan həyatını itirə, avtomobil isə yararsız hala düşə bilər.
Söhbət 3-cü mikrorayon ərazisində, Seyid Cəfər Pişəvəri küçəsində, daha dəqiq desək, 508 nömrəli avtobusun son dayanacağında yerləşən yoldan gedir.
Referans Media xəbər verir ki, mövzu ilə bağlı “Azad Azərbaycan” (ATV) telekanalı videomaterial hazırlayıb.
Yolun hərəkət hissəsində yaranmış problem ciddi təhlükəyə çevrilib. Hətta bir neçə gün əvvəl sərnişinin ayağı həmin quyuya düşərək xəsarət alıb.
Yolun ortasında qapağı olmayan kanalizasiya quyusu insanların həyatı üçün risk yaradır. Quyunun qapağının olmaması ilə yanaşı, baş verə biləcək təhlükə ilə bağlı sürücüləri və piyadaları xəbərdar edən hər hansı nişan da qoyulmayıb.
Bu vəziyyət həm piyadalar, həm də avtomobillər üçün təhlükə yaradır.
