Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır.
Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sual yaradır. Çünki toyuq əti adətən daha əlçatan və nisbətən ucuz alternativ hesab olunur.
Deputat Razi Nurullayev Modern.az-a deyib ki, mal əti bahalaşdıqda toyuğa tələbin artması mümkündür, amma bu, 25 faizlik artımı öz-özünə izah etmir. Deputat bildirib ki, burada əsas məsələ qiymətin hansı mərhələdə yüksəldiyini müəyyən etməkdir. Əgər istehsal xərcləri ciddi dəyişməyibsə, o zaman topdansatış, təchizat və pərakəndə satış zəncirinə baxmaq lazımdır.
Bəs bu nə ilə izah edilir? Toyuq əti niyə bahalaşır?
İqtisadçılar artımın səbəbləri sırasında quşçuluqda istifadə olunan yemin idxal qiymətlərinin yüksəlməsini də qeyd edirlər.
İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bildirib:“Toyuq ətinin bahalaşması, mağazalar şəbəkəsində toyuq budunun, filesinin tapılmaması və ya azalması ilə bağlı hər gün istehlakçılardan telefon zəngləri alıram. Ölkənin müxtəlif yerlərindən mənə zəng edən istehlakçılar bunun səbəbləri ilə bağlı da məlumat verirlər.
Mənə daxil olan zənglərin və ictimai rəyin nəticəsi olaraq belə bir fikir formalaşıb ki, yay aylarında Azərbaycanda broyler fabriklərində toyuqlarda ciddi xəstəliklər olub və quşlar lazımi çəkiyə çatmadan tələf olub. Bunun nəticəsində toyuq ətində və onun əlavə məhsullarında defisit yaranıb. Bildirilir ki, toyuqlar 700 qramdan artıq çəkiyə qədər böyüyə bilməyib. Nəticədə bud, budaltı və döş əti kimi məhsullar da lazımi səviyyədə olmayıb.
Mən düşünürəm ki, ictimai rəydə olan bu məlumat doğrudur. İstehlakçılar eyni zamanda təəccüblərini də ifadə edirlər ki, quş xəstəliklərinin köçəri quşlarla yayılması ehtimalı olduğu halda, Azərbaycanda broyler fabrikləri niyə dənizə yaxın ərazilərdə salınır.
Mən deputatın fikri ilə də razıyam ki, mal və qoyun ətinin bahalaşması təbii olaraq toyuq ətinə tələbatı artırır və bu da defisitə səbəb ola bilər".
Ekspert qeyd edib ki, bütün bu amillər qida zəncirinin müxtəlif mərhələlərində özünü göstərir: "Restoranlarda, dönərxanalarda və digər sahələrdə də bunun təsirini görmək mümkündür. İctimai rəydə belə bir fikir də var ki, digər ölkələrdə də quş xəstəlikləri səbəbindən toyuq ətində defisit yaranıb.
Onu da qeyd edim ki, əhalinin əsas tələbatı bütöv toyuğa deyil, əsasən file, bud və digər hissələrədir. Lakin quşçuluq fabrikləri bu hissələri ayırıb ayrıca satmaqda çox da maraqlı deyillər. Onlar toyuğu bütöv şəkildə satmağa üstünlük verirlər.
Mən istehlakçılara da təəccüblənirəm ki, əgər file və ya budaltı yemək istəyirsinizsə, toyuğu bütöv alın, həmin hissələri özünüz ayırın. Çünki istehsal müəssisələri üçün bu hissələrin ayrılması əlavə 20-25 faiz xərc yaradır. Buna görə də istehsal müəssisələri bu məhsulları ayrıca buraxmaqda çox da maraqlı deyillər və bu amil də bazara təsir göstərə bilər".
